REGİONLAR
Lənkəranda təmirə ehtiyacı olan şəhərdaxili yollara asfalt döşənir




Lənkəran, 1 aprel, İlkin Adıyev, AZƏRTAC
Lənkəran rayonunun sosial-iqtisadi inkişafına dair Tədbirlər Planına əsasən, cari ildə şəhərin təmirə ehtiyacı olan küçələrinin asfaltlanması işləri davam etdirilir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Lənkəran Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, şəhərin şəhid Mirxəyal Kərimzadə və şəhid Anar Səfərov küçələrində asfaltlanma işləri yekunlaşıb. Bundan əlavə, son 2 gündə daha 3 küçə - Milli Qəhrəman E.Əliyev, M.Ə.Rəsulzadə və H.Nəsir küçələri asfaltlanıb.
Hazırda daha 5 küçədə - M.Əsədov, şəhid S.Allahverdiyev (Şeyx Zahid dalan 2), Kələntərlilər, A.İsmayılov və B.Mirsaleyev dalan 2 küçələrində asfaltlanma işləri davam edir.
Təmirə ehtiyacı olan küçələrin ayrılmış büdcəyə uyğun olaraq növbəlilik əsasında asfaltlanma işləri ilin sonunadək davam etdiriləcək.
Xatırladaq ki, cari ildə qeyd olunan küçələrdən əlavə, daha 11 küçənin dövlət büdcəsi hesabına təmiri nəzərdə tutulub.