Lənkəranda Ümummilli Liderin 100 illiyinə həsr olunmuş konfrans keçirilib
Bakı, 23 iyun, AZƏRTAC
Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı həyata keçirilən tədbirlərin davamı olaraq iyunun 23-də Lənkəran Rayon Prokurorluğunda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib. Konfransda Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı rayon prokurorları, Lənkəran Hərbi Prokuroru ilə yanaşı, Lənkəran Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, prokurorluq əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini və Şəhidlər Abidə Kompleksini ziyarət ediblər. Sonra Lənkəran rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsini, həyat və fəaliyyətini özündə əks etdirən eksponat və fotostendlərlə tanışlıq olub.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş şəxslərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Lənkəran rayon prokuroru Taryel Ələkbərov müasir Azərbaycan dövlətinin banisi, görkəmli dövlət xadimi Ümummilli Lider Heydər Əliyevin şəxsiyyəti, onun zəngin siyasi və idarəçilik fəaliyyəti, hüquqi dövlət quruculuğu, dahi liderin rəhbərliyi altında bütün sahələrdə olduğu kimi prokurorluq оrqаnlаrındа aparılmış köklü islahatlar və prokurorluğa dövlət qayğısı, eləcə də ölkəmizin beynəlxalq müstəvidə tanınmasında göstərdiyi xidmətləri mövzusunda çıxış edib.
Konfransda çıxış edən digər natiqlər də Ulu Öndər Heydər Əliyevin zəngin siyasi və dövlət quruculuğu sahəsində əvəzolunmaz fəaliyyəti və Ümummilli Liderin siyasi hakimiyyətdə olduğu dövrdə Lənkəranla bağlı gördüyü işlərdən danışıblar, dahi liderlə olan xatirələrini konfrans iştirakçıları ilə bölüşüblər.
Lerik rayon prokuroru Akif Rzayev və Lənkəran hərbi prokuroru Elşən Əli-Məmmədov da Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən çıxışlar ediblər.
Konfrans iştirakçıları Baş Prokurorluğun təşəbbüsü ilə ərsəyə gəlmiş Ümummilli Liderin xatirəsinə həsr olunan “Böyük şəxsiyyət...3 ştrixdə” adlı sənədli filmə baxıblar.