Lənkəranda vaksinasiya prosesinin vacibliyi barədə ictimaiyyətin maarifləndirilməsi uğurla davam edir
Bakı, 19 mart, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə “İctimai maarifləndirmə” layihəsinin icrasını davam etdirir.
NAYORA-dan AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində Şuranın üzvü “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) İctimai Birliyinin əməkdaşları Lənkəranda pandemiya ilə mübarizənin təbliği, gigiyenik vasitələrdən düzgün istifadə və vaksinasiya prosesinin vacibliyinin çatdırılması barədə ictimaiyyətin maarifləndirilməsini uğurla davam etdirirlər.
Həmçinin Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin iştirakı ilə icra olunan layihə çərçivəsində “Nizami Gəncəvi İli” ilə əlaqədar gənclərin təklifləri toplanır, İkinci Qarabağ döyüşlərində iştirak edən qazi və şəhidlər haqqında məlumatlandırmada və işğaldan azad edilmiş torpaqlarda məskunlaşmada gənclərin marağı öyrənilir.
Layihə ilə bağlı reallaşdırılan sosial aksiyalar çərçivəsində Lənkərandakı parklarda, küçələrdə, habelə orta məktəblərdə, liseylərdə yüzlərlə yerli sakinə, o cümlədən şagird və tələbələrə müxtəlif maarifləndirici vərəqələr, eləcə də tibbi maskalar və dezinfeksiyaedici vasitələr paylanıb. Lənkəranda bu sosial aksiyalar uğurla davam etdirilir.