LƏNKƏRANIN TƏHSİL İŞÇİLƏRİ REGİONLARIN SOSİAL- İQTİSADİ İNKİŞAFI DÖVLƏT PROQRAMININ İCRASINI MÜZAKİRƏ ETMİŞLƏR
Toplantıda şəhər icra hakimiyyətinin başçısı Zeynal Nağdəliyev çıxış edərək, regionların inkişafı üçün zəruri infrasturkturun yaradılmasında və onun inkişafının təmin edilməsində Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin əhəmiyyətindən, bu istiqamətdə görülən işlərdən danışmış, əhalinin təhsil sisteminin daha da yaxşılaşdırılması sahəsində həlli vacib məsələləri diqqətə çatdırmışdır. Rayon təhsil şöbəsinin müdiri Səmədağa Abdullayev isə son bir ildə görülmüş işlər barədə hesabat məruzəsi ilə çıxış etmişdir.
Çıxış edənlər rayonda təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsində, tədrisin keyfiyyətinin yaxşılaşdırılmasında qazanılan nailiyyətləri göstərməklə, mövcud problemləri aradan qaldırmaq üçün təkliflər irəli sürmüşlər.
Təhsil naziri Misir Mərdanov çıxışında son bir ildə Lənkəranda təhsil sahəsində qazanılan uğurlardan razılığını bildirmiş bu işdə rayon rəhbərliyinin səmərəli və məqsədyönlü fəaliyyətini qeyd etmişdir. Respublikanın təhsil sistemində mövcud nöqsanları diqqətə çatdıran natiq, son beş ildə ölkəmizdə təhsil islahatları sahəsində qarşıya çıxan problemlərdən, həlli vacib olan məsələlərdən, ölkə Prezidenti İlham Əliyevin ölkəmizdə təhsilin problemlərinə böyük həssaslıq və qayğı ilə yanaşmasından, bu istiqamətdə müvafiq proqramların hazırlandığından, Milli Məclisin müzakirəsinə təqdim olunan “Təhsil haqqında Qanun” layihəsinin əsas müddəalarından danışmışdır.
Nazir toplantı iştirakçılarının suallarına çavab vermişdir.
Sonra təhsil naziri rayonun Kərgəlan kəndində inşa edilən 360 yerlik orta məktəbin tikintisinin vəziyyəti ilə tanış olmuşdur.