“LèRami” art-studiyası tələbələrin “NEFERTEM” qrup sərgisini təqdim edir
Bakı, 22 dekabr, AZƏRTAC
Muzey Mərkəzinin İncəsənət Qalereyasında rəssam və art-kurator Ramilə Şamilovanın rəhbərliyi ilə “LèRami” art-studiyasının tələbələrinin iştirakı ilə “NEFERTEM” qrup sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, “NEFERTEM” sərgisinin ekspozisiyasına incəsənət studiyasının tələbələrinin təsviri sənət dünyasında öz müəlliflik axtarışlarını nümayiş etdirdikləri 80 rəsm daxil edilib. Bu sərgi, Ramilə Şamilovanın pedaqoji uğurlarını və onun tələbələrinin yaradıcılıq imkanlarını vurğulamaq üçün əla fürsətdir.
Qrup sərgisində 30 yaşdan yuxarı 35 qadın rəssam və 10 uşaq rəssam iştirak edib: Səadət Nağıyeva, Məlik Quliyeva, Səbinə Namazova, Nilüfer Aslanlı, Fidan Vəlizadə, İnci Qarabağlı, Lamiyə Dəmirli, Günel Taşkın, Məryəm İbrahimova, Leyla Əliyeva, Həmidə və Ayan Sadıbəyli, Təranə Quliyeva, Selin Mollazadə, Ayya Rzalı, Turan Aydınlı, Şahnaz Orucova, Nubar Xəlilova, Nərmin Namazova, Ləman Bayramlı, Günel Mavliyarova, Ayla və Nərmin Fərzəliyevalar, Lalə Məmmədzadə, Lalə Hacıyeva, Sevinc Məqaməliyeva, Roza, Şəfəq Təhməzli, Dürnisə Cabbarlı, Fidan Qasımova, Fidan Əhmədova, Fəridə Bayramova, Günel Yusifova, Ləman Kərimli və Şahnaz Əhədova.
Nümayiş olunan əsərlərin ən böyüyü iki metr, ən kiçiyi isə A5 ölçüsü həcmindədir, onlar həm yağlı boya, həm də qrafika ilə yerinə yetirilib.
Ramilə Şamilova estetika dünyasına böyük maraq duyan pedaqoqdur. Onun yaradıcılıq yolu 12 yaşından başlayıb. Daha sonra o, müxtəlif təhsil müəssisələrində, o cümlədən Əzim Əzimzadə adına Rəssamlıq Kollecində və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında ixtisasını artırmağa davam edib. Həmçinin London Müasir İncəsənət Muzeyinin “Müasir incəsənət və ideyalar” kursunda onlayn təlim alıb. Ramilə Şalimova sənətə olan bağlılığının ona bəxş etdiyi şəxsi təcrübədən kənara çıxaraq, çoxsaylı sərgilərə rəhbərlik etməklə və öz əsərlərini nüfuzlu məkanlarda nümayiş etdirməklə tanınmağa nail olub.
“LèRami” art-studiyasının əsas məqsədlərindən biri, bu və ya digər səbəbdən rəsm çəkmək istəyən, lakin bu arzusunu gerçəkləşdirə bilməyən 30 yaşdan yuxarı qadınları bu sənətə cəlb etməkdən ibarətdir. Bu sərgidə iştirak edən tələbələrin demək olar ki, hər biri özlərini digər peşə sahələrində sübuta yetiriblər, onlar indi öz uşaqlıq arzularına qayıdaraq, hobbilərini peşəkar formada təqdim edə bildiklərinə görə məmnunluq hissi duyurlar. Bununla da, özlərinə və başqalarına bu işin öhdəsindən böyük həvəslə gələ biləcəklərini sübuta yetirirlər.