SİYASƏT
Linda Lanzillotta: Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoqa verdiyi töhfə yüksək qiymətləndirilir
Bakı, 2 noyabr, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İtaliya Senatının sədr müavini xanım Linda Lanzillottanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə iki ölkənin parlamentləri arasında əlaqələrin inkişafından məmnunluq ifadə edilib, qarşılıqlı səfərlərin əhəmiyyətindən söz açılıb. Tərəflər bu səfərin parlamentlərarası əlaqələrimizin inkişafına töhfə verəcəyinə əminlik ifadə ediblər.
Söhbət zamanı Azərbaycan-İtaliya münasibətlərinin hazırkı vəziyyəti və inkişaf etdirilməsi yolları, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair fikir mübadiləsi aparılaraq iki ölkə arasında siyasi, iqtisadi, enerji, habelə mədəniyyət, turizm və təhsil sahələrində əməkdaşlığın inkişaf səviyyəsinin xalqlarımızın maraqlarına cavab verdiyi qeyd olunub. Bu xüsusda, ölkələrimiz arasında mövcud siyasi və iqtisadi münasibətlərin yüksək səviyyəsi təqdir edilərək, bu əlaqələrin daha da gücləndirilməsi üçün birgə səylərin davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.
İtaliyanın Avropa İttifaqında Azərbaycanın mühüm ticarət tərəfdaşı olduğu qeyd olunaraq Cənub Qaz Dəhlizinin vacib komponenti olan TAP layihəsinin strateji əhəmiyyətinə toxunulub. TAP layihəsi çərçivəsində işlərin qrafikə uyğun olaraq vaxtında başa çatdırılacağına ümidvarlıq ifadə edilib. Linda Lanzillotta TAP layihəsinin İtaliya və Avropanın enerji təhlükəsizliyində mühüm rola malik layihə olduğunu bildirib.
Nazir Elmar Məmmədyarov Bakının “EXPO 2025”ə namizəd şəhərlərdən olduğunu qeyd edərək son illər ərzində paytaxt Bakının və Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdırıb.
Xanım Linda Lanzillotta Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoqa verdiyi töhfənin, dünyəvi dövlət olaraq yürütdüyü mötədil siyasətin yüksək qiymətləndirildiyini vurğulayıb.
Görüşdə, həmçinin parlamentlərarası əlaqələrin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.