“Linkoln”un futbolçusu: “Qarabağ” kimi komandaya qarşı oynamaq inanılmazdır
Bakı, 30 iyul, AZƏRTAC
Bizim üçün çətin matç olacaq. Ancaq mümkün qədər yaxşı oynamağa çalışacağıq. Əzmkar mübarizə komanda ruhuna da təsir edəcək.
Bu fikri AZƏRTAC-a açıqlamasında Cəbəllütariqin “Linkoln” komandasının futbolçusu Karlos Sid UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində səfərdə “Qarabağ”a qarşı keçirəcəkləri oyun barədə danışarkən deyib.
O, “Qarabağ”ın beynəlxalq arenada böyük təcrübəyə malik olduğunu bildirib: “Bu komandanın Çempionlar Liqasındakı oyunlarını izləmişəm. Burada olmaq və “Qarabağ”a qarşı oynamaq inanılmazdır. Çox qürur hissi keçirirəm”.
26 yaşlı oyunçu mərhələni keçməyin çətin olacağını söyləyib: “İlk görüşdə 0:2 hesabı ilə uduzmaq işimizi çətinləşdirdi. Bilirik ki, növbəti raunda adlamaq çətin görünür, lakin meydanda ən yaxşı oyunumuzu ortaya qoymaq istəyirik. Cəbəllütariqə xoşbəxt hiss ilə dönmək niyyətindəyik".
Qeyd edək ki, “Qarabağ” – “Linkoln” görüşü bu gün saat 20:00-da başlayacaq. Komandalar arasında ilk matç Ağdam klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.