Litvanın “Slaptai” portalında 31 mart soyqırımı haqqında məqalə yerləşdirilmişdir
Bakı, 31 mart (AZƏRTAC). Litvanın məşhur “Slaptai” internet portalında ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri 31 mart soyqırımından bəhs edən məqalə yerləşdirilmişdir.
Müəllifi Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadə olan məqalədə ermənilərin azərbaycanlılara qarşı tarixən soyqırımı siyasəti həyata keçirdikləri bildirilir. Hazırda Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasətinin davam etdiyi vurğulanır. Qeyd edilir ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini hələ də işğal altında saxlayır. Bu işğalın nəticəsidir ki, bir milyondan çox azərbaycanlı məcburi köçkün həyatı yaşayır. İşğal altındakı tarixi-dini abidələr məhv edilir. Bu faktlar təkcə Azərbaycanda deyil, həm də bütün regionda sülh və sabitliyin bərqərar olmasına, eləcə də tolerantlıq ənənələrinin möhkəmlənməsinə, dinlərarası əməkdaşlığın formalaşmasına ciddi problemlər yaradır.
Müəllif yazır ki, ermənilər 1918-ci ilin martında 12 min azərbaycanlını qətlə yetirməklə yanaşı, Azərbaycanın yüzlərlə şəhər və kəndini xarabalığa çevirmiş, məscidləri, məktəb binalarını yandırmış, mədəniyyət abidələrini yerlə-yeksan etmişlər. Cümə, Təzəpir məscidləri, İsmailiyyə binası (indiki AMEA-nın rəyasət heyəti) top atəşi ilə dağıdılmışdır. Azərbaycanın işğal altındakı maddi mədəniyyət abidələrinin ermənilər tərəfindən dağıdılması prosesi indi də davam edir. Bu hərəkətlər isə “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına və UNESCO-nun “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” 1972-ci il Konvensiyasına ziddir.
Yazıda ermənilərin bu vandalizminə baxmayaraq, Azərbaycanda tarixən formalaşmış tolerantlıq ənənələrinin dövlət səviyyəsində davam etdirildiyi vurğulanır. Qeyd edilir ki, hətta Bakıdakı Qriqori Lusavoriç erməni kilsəsi mühafizə edilir. Hazırda bu kilsədəki kitablar və erməni dilində olan əlyazmalar qorunur. 2010-cu ilin aprelində Dini liderlərin Ümumdünya sammitində iştirak üçün Bakıda səfərdə olan Moskva və Ümumrusiya patriarxı Kirill və bütün ermənilərin katalikosu II Qaregin həmin kilsədə olmuşlar. Ermənilər abidələrimizə qarşı vandalizm hərəkətləri törətdikləri halda, Azərbaycanda erməni kilsəsi bərpa edilərək sivil şəkildə qorunur.