CƏMİYYƏT
Lyublyanada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə həsr olunan tədbir keçirilib




Vyana, 10 dekabr, AZƏRTAC
Lyublyanada Azərbaycan Türk Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə və Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan, Türkiyə və Sloveniyanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.
Sonra Azərbaycan Türk Mədəniyyət Assosiasiyasının prezidenti Taleh Qurbanov, vitse-prezident Jalə Qurbanova, Türkiyənin Sloveniyadakı səfiri Aylin Taşhan, Avstriyadakı Azərbaycan Evinin rəhbəri Fərid Əzizov, professor Leonardo Benjamin Rizzuto çıxış ediblər.
Çıxışlarda görkəmli siyasi xadim Heydər Əliyevin Azərbaycan xalqının müqəddəratında oynadığı mühüm rol, onun nəinki Azərbaycan dövləti, xalqı üçün misilsiz xidmətləri, eyni zamanda, bütün Türk dünyasının birliyi, həmrəyliyi naminə göstərdiyi fəaliyyətdən bəhs edilib. Bildirilib ki, daim Azərbaycanın ərazi bütövlüyü uğrunda çalışan Heydər Əliyevin arzuları Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu və xalqının əzmi ilə həyata keçib, bu gün Azərbaycan ərazi bütövlüyünü tam bərpa edərək regionda əsas söz sahibi olan dövlətə çevrilib.
Çıxışlardan sonra Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş sənədli film nümayiş olunub.
Tədbirdə Azərbaycan və türk icmalarının üzvləri, diplomatik korpusun təmsilçiləri və yerli ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana