SİYASƏT
Macarıstan nəşrində Azərbaycan səfirinin məqaləsi dərc edilib
Budapeşt, 1 iyul, AZƏRTAC
“Daily News Hungary” populyar ingilisdilli nəşrində Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyevin “Ermənistan Avropa İttifaqının ismarıcını eşidəcəkmi?” adlı məqaləsi dərc olunub (bax:https://dailynewshungary.com/ambassador-guliyev-will-armenia-hear-the-eus-messages/).
AZƏRTAC xəbər verir ki, müəllif məqalədə Avropa İttifaqı Şurasının və “Şərq Tərəfdaşlığı” proqramına üzv dövlətlərin başçılarının bu ilin iyununda keçirilmiş birgə sammiti barədə məlumat verir. Məlum olduğu kimi, ilk dəfə olaraq onlayn-konfrans formatında keçirilən sammitdə Azərbaycan Prezidenti İlham Əliyev də çıxış edib. Prezident Əliyev qonşu ölkədə ASALA təşkilatının terrorçularının, xüsusən də beynəlxalq terrorçu Varujan Qarabedyanın qəhrəmanlaşdırılmasını hər kəsə xatırladıb və Ermənistanın Baş Naziri, heç cür sakitləşə bilməyən Nikol Paşinyana “bunu yaddan çıxarmamağı və sakit oturmağı” məsləhət görüb.
Səfir sammitin ertəsi günü qəbul edilən Avropa Parlamentinin 2019/2209(INI) nömrəli qətnaməsinin mahiyyətini açıqlayıb, oxucuların diqqətini bu sənəddəki yeniliklərə, Azərbaycan ərazilərinin bir hissəsini - Dağlıq Qarabağ və ona bitişik 7 rayonu işğal etmiş Ermənistana Brüssel tərəfindən göndərilən açıq ismarıca cəlb edib. Məqalədə xüsusilə vurğulanır ki, Avropa İttifaqı ilk dəfə olaraq qətnamənin ayrıca bəndində təcavüz qurbanları olan dövlətlərin öz suverenliyinin təmin edilməsi və pozulmuş ərazi bütövlüyünün bərpa olunması üçün bütün tədbirləri, o cümlədən məcburi tədbirlər görmək hüququnu tanımaqla bərabər, həm də Aİ-nin üzvlərini bu məsələdə həmrəy olmağa çağırıb.
Bu, Avropa birliyinin leksikonunda həqiqətən inqilabi dəyişiklik oldu və Ermənistanın mövqeyinin Brüsseli də bezdirdiyini sübut etdi.
Quliyev öz məqaləsini bu sözlərlə tamamlayıb: “Məsələ indi ondadır ki, görəsən Ermənistandakı siyasətçilər bu aydın ismarıcı eşidəcəklərmi? Vaxt bitir”.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt