Macarıstanda Səfirlərin xanımları Assosiasiyası xeyriyyə yarmarkası keçirib
Budapeşt, 27 noyabr, AZƏRTAC
Budapeştdə yerləşən “İnterkontinental” otelində Macarıstanda akkreditə olunmuş Səfirlərin xanımları Assosiasiyasının ölkənin birinci xanımı Anita Gertseqin hamiliyi ilə xeyriyyə yarmarkası keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Macarıstandakı səfirliyi yarmarkada ölkəmizi layiqincə təmsil edib. Qonaqlara Azərbaycan mətbəxinin şirniyyatları, xalq tətbiqi sənəti nümunələri, milli yaylıqlar, bədii tikmələr, kitablar, kompakt-disklər, müxtəlif suvenirlər təqdim olunub.
Qonaqları Azərbaycan milli geyimində uşaqlar qarşılayıblar. Bədii gimnastika üzrə Macarıstan Kubokunun sahibi 8 yaşlı Mina Abbasova öz məşhur nömrəsini təqdim edib.
Tədbirdən əldə olunan vəsait xeyriyyə məqsədlərinə yönəldiləcək.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt