Macarıstanın Seqed Universitetinin professoru MEK-də olub
Bakı,11 sentyabr, AZƏRTAC
Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə keçirilən XIV Beynəlxalq Altay Topluluqları Simpoziumunda iştirak etmək məqsədilə Bakıda səfərdə olan Macarıstanın Seqed Universitetinin professoru, Altayşünaslıq kafedrasının və Orta əsrlər və erkən yeni dövr macar tarixi kafedrasının müdiri Şandor Papp AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) olub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, görüş zamanı MEK rəhbəri Hüseyn Hüseynov Azərbaycan və Macarıstanın kitabxana və elmi qurumları arasında uzun illər ərzində formalaşmış səmərəli əməkdaşlıq əlaqələrindən söz açıb. O, dünyaşöhrətli türkoloq-alim, Macarıstan Elmlər Akademiyasının həqiqi üzvü Georg Xəzainin şəxsi kitab kolleksiyasının vaxtilə Mərkəzi Elmi Kitabxanaya hədiyyə edildiyini diqqətə çatdırıb. Bildirilib ki, qiymətli kolleksiya hazırda kitabxananın fondunda xüsusi şəraitdə qorunub saxlanılır.
XIV Beynəlxalq Altay Topluluqları Simpoziumunda iştirakından bəhs edən Şandor Papp Mərkəzi Elmi Kitabxanada tədqiqatçılar üçün yaradılmış şəraitin yüksək səviyyədə olduğunu vurğulayıb. Professor MEK-in zəngin elmi fondunun tədqiqatçılar üçün mühüm mənbə olduğunu qeyd edib. Görüşün sonunda qonağa Azərbaycan tarixinin öyrənilməsi baxımından qiymətli ilkin mənbələrdən biri hesab olunan, Azərbaycan-türkman tayfasının nümayəndəsi və Səfəvi tarixçisi İsgəndər bəy Münşinin qələmə aldığı “Dünyanı bəzəyən Abbasın tarixi” kitabı hədiyyə edilib.