Madriddə Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb
Madrid, 13 dekabr, AZƏRTAC
Azərbaycanın İspaniyadakı səfirliyi Madriddə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi təşkil edib.
AZƏRTAC xəbər verir ki, mərasimdə İspaniyada yaşayan soydaşlarımız, yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.
Tədbirdə çıxış edən səfir Ramiz Həsənov müasir müstəqil Azərbaycanın sürətli inkişafının mənalı ömrünü xalqına həsr etmiş Heydər Əliyevin adı ilə bilavasitə bağlı olduğunu bildirib. Səfir diqqətə çatdırıb ki, 1969-cu ildə respublika rəhbərliyinə gələn Heydər Əliyev əslində sosial-iqtisadi böhran keçirən Azərbaycanı 1970-1980-ci illərdə keçmiş İttifaqın ən qabaqcıl respublikalarından biri səviyyəsinə çıxardı. Müasir Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi məhz həmin illərdə təməli qoyulmuş potensiala əsaslanır.
Qeyd olunub ki, 1991-1993-cü illərdə Azərbaycanda baş vermiş özbaşınalıq ölkəni vətəndaş müharibəsi vəziyyətinə sürükləmişdi. Yaranmış vəziyyətdən istifadə edən Ermənistan Azərbaycanı parçalamağa cəhd edərək ərazilərimizin 20 faizini işğal etmiş, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü. 1993-cü il iyunun 15-də Azərbaycan xalqının təkidi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin müdrikliyi, zəngin siyasi və dövlətçilik təcrübəsi, sarsılmaz qətiyyəti sayəsində gənc müstəqil respublika bütün çətinlikləri dəf etdi, daxili və xarici siyasətdə sabitlik bərqərar olundu, ölkə yeni inkişaf dövrünə qədəm qoydu. Azərbaycan xalqı Heydər Əliyevin misilsiz xidmətlərini layiqincə qiymətləndirərək onu Ümummilli Lider kimi əbədiləşdirib.
Bildirilib ki, ümummilli lider Heydər Əliyevin ən böyük arzusu əzəli torpaqlarımızın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası olub. Dahi şəxsiyyətin arzusunu, vəsiyyətini onun layiqli davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev yerinə yetirib. Ulu Öndərin yaratdığı və inkişaf etdirdiyi Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində düşməni darmadağın edərək torpaqlarımızı azad etdi, üçrəngli bayrağımız yenidən Vətən torpaqlarında, Azərbaycan mədəniyyətinin mərkəzi olan Şuşa şəhərində qürurla dalğalanmağa başladı. Bununla da “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur!” deyən Ulu Öndərin ən böyük arzularından biri də həyata keçdi, Azərbaycanın ərazi bütövlüyü təmin olundu.
Anım mərasimində bu gün ölkəmizdə və dünyanın digər bölgələrində yaşayan həmvətənlərimizin Azərbaycanı dünyaya tanıdan Ulu Öndərin xatirəsini dərin ehtiramla yad etdikləri vurğulanıb.
İspaniyada yaşayan soydaşımız Əli Evsen mərasimdə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin olunması və xalqımızın həmrəyliyi uğrunda müdrik siyasətindən bəhs edib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid