“MAHİR NİŞANÇI” ATICILIQ TURNİRİNƏ YEKUN VURULMUŞDUR
Bakı, 10 aprel (AZƏRTAC). Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin (KHVTİC) məktəblilər arasında keçirdiyi “Mahir nişançı” atıcılıq turnirinə yekun vurulmuşdur.
İki aya yaxın davam edən turnirdə respublikamızın əksər regionlarını əhatə edən ümumtəhsil məktəblərinin 5-8-ci sinif şagirdləri iştirak etmişlər. Yarışların əsasnaməsinə görə regionlarda I-II və fərdi yarışlarda I yer tutmuş şagirdlər ölkə turnirinə vəsiqə qazanmışlar.
Yasamal rayonundakı 18 nömrəli orta məktəbdə keçirilən yarışda 8 komanda və 10-dan çox fərdi atıcı iştirak etmişdir.
Turnirin açılışında Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika Şurasının sədri, polkovnik Novruzəli Orucov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi rəisinin müavini Aydın Yusifov, Qarabağ müharibəsi veteranı İlham Əliyev çıxış edərək ölkəmizdə gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinin daha da gücləndirilməsi üçün görülən işləri yüksək qiymətləndirmiş, yarış iştirakçılarına uğurlar arzulamışlar.
Turnirdə Yevlax rayonunun komandası 1-ci, Nərimanov və Lənkəran rayonlarının komandaları isə 2-ci və 3-cü yerləri bölüşdürmüşlər.
Fərdi atıcıların yarışında isə Yevlaxın Xaldan kənd orta məktəbinin şagirdi Nərmin Ağasəlli 30 mümkün xaldan 30 xal qazanaraq 1-ci yeri tutmuşdur.
Qaliblər diplom, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.