Makronun Mavriki səfəri: bir sıra mühüm razılaşmalar imzalanıb
Paris, 21 noyabr, AZƏRTAC
Fransa Prezidenti Emmanuel Makron Mavriki adasına səfəri çərçivəsində dünən axşam Port-Luidə Mavrikinin Baş naziri Navin Ramqulam ilə birgə keçirdiyi görüşdən sonra iki ölkə arasında təhlükəsizlik, enerji və təhsil sahələrini əhatə edən bir sıra strateji razılaşmaların imzalandığını elan edib.
AZƏRTAC xəbər verir ki, əldə olunan razılaşmalar dəniz təhlükəsizliyi, qaçaqmalçılıqla mübarizə, su ehtiyatlarının idarə edilməsi, enerji keçidi və ikidilli təhsilin inkişafı kimi əsas istiqamətləri əhatə edir. Makron bildirib ki, dəniz təhlükəsizliyi razılaşmalarının məqsədi ölkə iqtisadiyyatı üçün həyati önəm daşıyan xüsusi iqtisadi zonaların qorunmasıdır. Bu, həm də qeyri-qanuni balıqçılığa qarşı resursların müdafiəsi, eləcə də narkotrafik və təşkilatlanmış cinayətkarlıqla mübarizədə birgə səylərin gücləndirilməsi deməkdir.
Fransa lideri, həmçinin qeyd edib ki, dövrümüzün əsas qlobal çağırışları - geostrateji gərginliklər, iqlim dəyişiklikləri və biomüxtəlifliyin qorunması barədə Mavriki ilə ortaq vizyon paylaşırlar. O, beynəlxalq hüquqa hörmət və effektiv multilateralizmə inandıqlarını vurğulayıb. Makron iki ölkənin güclərini daha da birləşdirmək barədə razılığa gəldiklərini bildirib. “Bu səfər zamanı sıx əməkdaşlıq edəcək, dəniz təhlükəsizliyi və okeanın qorunması sahəsində bir neçə böyük anlaşma imzalayacağıq”,- deyə Fransa Prezidenti vurğulayıb. Yeni razılaşmalar çərçivəsində Fransa dəniz qüvvələrinin imkanlarının Mavriki hava nəzarəti qabiliyyətləri ilə daha koordinasiyalı şəkildə istifadəsi və Hind Okeanı Akademiyası vasitəsilə əməkdaşlıq üzrə təlim proqramlarının gücləndirilməsi nəzərdə tutulur.
Makron Mavriki hökumətinin beynəlxalq BBNG müqaviləsinə verdiyi dəstəyi də tarixi bir irəliləyiş kimi qiymətləndirib. O, səfərinin simvolik tərəfinə də toxunaraq bildirib ki, sabah Pamplemus (Pamplemousse) bağlarına gedərək Mavriki demokratiyasının iki banisinin xatirəsinə ehtiram göstərəcək.
Baş nazir Navin Ramqulam isə Makronla əvvəlcə təkbətək, daha sonra geniş tərkibli görüş keçirdiklərini deyib. Onun sözlərinə görə, tərəflər iki ölkə arasındakı əlaqələri yenidən canlandırmaq üçün konkret vasitələri müzakirə ediblər. “Biz geosiyasət, korrupsiya ilə mübarizə, narkotiklər, dəniz təhlükəsizliyi və transsərhəd cinayətkarlıq mövzularını ətraflı olaraq nəzərdən keçirdik və qeyri-qanuni fəaliyyətlərə qarşı əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğuladıq”, - deyə Baş nazir əlavə edib.
N.Ramqulam Mavriki ilə Fransa arasında mavi iqtisadiyyat, enerji keçidi, bərpaolunan enerji, su ehtiyatlarının davamlı idarə edilməsi və ikidilli təhsilin inkişafı üzrə anlaşmaların imzalandığını təsdiqləyib. O, həmçinin özəl sektor üzrə əməkdaşlığa, xüsusilə şəkər və un istehsalı sahəsindəki tərəfdaşlıqlara diqqət çəkib.
Baş nazir Fransa İnkişaf Agentliyinin əsas tərəfdaş olduğunu qeyd edib və ötən il Mavriki tərəfindən 340 min fransız turistin qarşılandığını xatırladıb. Hər iki lider regional vəziyyəti, xüsusilə Madaqaskarla bağlı ortaq mövqelərini müzakirə edib və Hind okeanında sabitliyin gücləndirilməsinə sadiqliklərini bəyan ediblər.