SİYASƏT
Malayziya Senatının sədr müavini: Seçkilərdə sülh səviyyəsində demokratik prosesin həyata keçirildiyini gördük
Bakı, 2 sentyabr, AZƏRTAC
Növbədənkənar parlament seçkilərində biz heç bir maneə, məhdudiyyət olmadan bir neçə seçki məntəqəsində olduq. Səbail, Nəsimi və Suraxanıda yerləşən seçki məntəqələrində müşahidə apardıq. Seçkilərdə sülh səviyyəsində demokratik prosesin həyata keçirildiyini gördük.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Malayziya Senatının sədr müavini Nur Cazlan bin Mohamed növbədənkənar parlament seçkilərinin yekunları ilə bağlı sentyabrın 2-də keçirilən mətbuat konfransında deyib.
"İnsanlara seçki məntəqələrində ədalətli münasibətin göstərildiyini, tam azad bir seçimə malik olduqlarını, öz demokratik səsvermə hüquqlarından necə istifadə etdiklərinin şahidi olduq", - deyə Malayziya Senatının sədr müavini vurğulayıb.
O, Azərbaycanda beynəlxalq müşahidəçi kimi iştirak etdiyi ikinci seçki olduğunu diqqətə çatdırıb: "Fevral ayında keçirilən prezident seçkisində də iştirak etmişdim. Ötən dəfəki kimi bu dəfə də seçkilərin yüksək səviyyədə keçirildiyinin şahidi olduq".