“Malların ixrac qeydi ilə satışı qaydası və vergitutma məsələləri” mövzusunda tədbir keçirilib
Bakı, 5 iyul, AZƏRTAC
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi siyasəti istehsal və ixracyönümlü sahibkarlıq subyektlərinin yeni və innovativ həllərə istiqamətlənməsini şərtləndirir. Postpandemiya dönəminə hazırlıq mərhələsində dünya bazarlarında qiymət üstünlüyünün əldə edilməsi üzərindən baş verən rəqabət dövlətlərin təşviq və stimullaşdırma siyasətində yeni yanaşmalar formalaşdırıb.
Dövlət Vergi Xidmətinin Media və Kommunikasiya İdarəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 16 noyabr tarixli Qərarı ilə təsdiq olunan “Malların ixrac qeydi ilə satışı Qaydası” sahibkarların daha rəqabətqabiliyyətli ixracını dəstəkləyəcək. Rəqabətə davamlı mal və məhsulların istehsal və ixracına dəstək məqsədilə Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nəzdində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi və “Kapital Bank”ın birgə təşkilatçılığı ilə Şamaxıda, Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində “Malların ixrac qeydi ilə satışı qaydası və vergitutma məsələləri” mövzusunda tədbir keçirilib.
Vergi Xidmətinin Tədris Mərkəzinin rəisi səlahiyyətlərini icra edən Mirəli Kazımov dövlətin sahibkarlığın inkişafı, həmçinin sahibkarlıq mühitinin yaxşılaşdırılması ilə bağlı qəbul olunmuş qanunvericilik aktlarının önəmindən danışıb. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun tarixi və əzəli torpaqlarımızın qaytarılması ilə nəticələnmiş möhtəşəm zəfərinin ölkə iqtisadiyyatı üçün də geniş inkişaf imkanları yaratdığı, işğaldan azad olunmuş torpaqların yenidən çiçəklənməsi üçün ölkədə biznes potensialının gücləndirilməsinə ehtiyac olduğu vurğulanıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar haqqında geniş məlumat verib.
Qeyd olunub ki, Azərbaycanın 2021-ci ilin ilk beş ayı üzrə qeyri-neft ixracı 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 184 milyon dollar və ya 25,4 faiz artıb ki, bu da post-pandemiya dönəmində xarici ticarətin bərpa olunmasını göstərir.
“Kapital Bank”ın Kiçik və Orta Sahibkarlarla İş Departamentinin şöbə rəisi Elçin Mustafayev ixracın inkişafı istiqamətində maliyyə-ticarət alətlərinə tələbin artdığını qeyd edib. Diqqətə çatdırılıb ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi ilə birgə həyata keçirilən faktorinq, akkreditiv və qarantiyalar ilə əlaqədar tədbirlər ixracatçıların maarifləndirilməsi nöqteyi-nəzərdən mühüm addım olub.
Tədbir maarifləndirmə və kommunikasiya xarakteri daşıyıb, istehsal və ixracat fəaliyyəti ilə məşğul olan subyektlər qəbul olunan Qayda ilə əlaqədar məlumatlandırılıblar. İştirakçılara ixrac qeydi ilə satış həyata keçirən şəxsə (istehsalçıya) dair tələblər, malların ixrac qeydi ilə satışına aid edilməyən şəxslər və əməliyyatlar, ixrac qeydi ilə alınan malların ixracının həyata keçirilməsi prosesi, “Malların ixrac qeydi ilə satış qaiməsi”nin formasının doldurulması qaydası, o cümlədən ixrac qeydi ilə satılan malların ixrac edilməsinə dair forma haqqında ətraflı məlumat verilib.