MARS MİKROBLARI YER KÜRƏSİNDƏ HƏYAT ÜÇÜN TƏHLÜKƏLİDİR
AZƏRTAC xəbər verir ki, Londonun “Tayms” qəzetinin yazdığına görə, Yer kürəsində həyat üçün yeni, indiyədək məlum olmayan bir təhlükə var. Bu, Marsdakı mikroblardır. ABŞ geoloqları “Opportyuniti” marsoxodunun qırmızı planetin səthindən göndərdiyi məlumatları ətraflı araşdırdıqdan sonra Yerdənkənar materiyanın nümunələri ilə işləyərkən təhlükəsizlik sistemini sərtləşdirməyə çağırmışlar. Alimlər bundan ehtiyatlanırlar ki, geoloji süxurlarla birlikdə Yerə gətiriləcək mikroorqanizmlər son dərəcə təhlükəli ola bilər.
Geoloq Ceffri Kargelin fikrincə, Yer kürəsinin yadplanetli həyat formalarından qorunması belə bir ehtimala əsaslanmalıdır ki, Marsda planetimizə ziyan vura biləcək həyat formaları var. O demişdir: “Planetimizə Marsdan torpaq və minerallar gətirməzdən, yaxud oraya pilotlu uçuşlar keçirməzdən əvvəl Yer kürəsinin bioloji müdafiəsi üçün tədbirlər görülmədidir”. Bundan başqa, alim Yer kürəsindəki bakteriyaların Marsa düşməməsi barədə fikirləşməyin vacibliyini də vurğulayır. Əks təqdirdə, “bizim” bakteriyalar bu planetin ekologiyasını məhv edər. Düzdür, o etiraf edir ki, Marsdan yeni-yeni informasiya alındıqca, bu planetdə həyat olduğu barədə fərziyyələr azalır. Odur ki, artıq heç kim Marsda Yer kürəsindəki kimi həyat formaları tapılacağını gözləmir. Lakin bu planetin su olan bölgələrində canlı bakteriyalar və ya digər mikroorqanizmlər qala bilər.
“Opportyuniti”dən alınmış məlumatı araşdıran alimlər qrupunun rəhbəri, professor Stiv Skuayrs belə bir faktı dəqiqləşdirilmiş hesab edir ki, keçmişdə Marsda maye aqreqat halında su olmuşdur.