Masallı və Laçın məktəbliləri arasında onlayn tədbir
Masallı, 21 dekabr, Bağır Əliyev, AZƏRTAC
Laçın rayonunun Taxtakörpü qəsəbə tam orta məktəbi ilə Masallı rayonunun Qəzvinoba kənd ümumi orta məktəbi arasında “Laçın Azərbaycandır!” mövzusunda onlayn tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onlayn tədbirdə əvvəlcə Vətən müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun qazandığı uğurlardan danışıblar.
Qeyd olunub ki, tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilən Vətən müharibəsində Azərbaycan xalqı öz liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.
Diqqətə çatdırılıb ki, işğal altında olan Laçın rayonunun azad edilməsi doğma yurd həsrəti ilə yaşayan hər bir laçınlının böyük sevincinə səbəb olub.
Çıxış edənlər belə tədbirlərin təşkil edilməsinin şagirdlər arasında hərbi-vətənpərvərlik tərbiyəsinin daha da yüksəlməsində, güclü həmrəylik və dostluq əlaqələrinin yaradılmasında böyük rol oynadığını vurğulayıblar.