Masallıda 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır
Masallı, 20 yanvar (AZƏRTAC). Yanvarın 20-də Masallı şəhərindəki “Şəhidlər” abidə-kompleksinin önündə qanlı 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayonun rəhbər işçiləri, yaşlı nəslin, gənclərin və ictimaiyyətin nümayəndələri abidə-kompleksinin önünə gül dəstələri düzərək Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini ehtiramla yad etmişlər. Şəhidlərin ruhuna dualar oxunmuşdur.
Mərasimdə çıxış edənlər 23 il əvvəl imperiya ordusunun Bakıda törətdiyi qanlı cinayətləri yada salmış, qanlı 20 Yanvar faciəsinə hüquqi və siyasi qiymətin verilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirmişlər.
Rayonun bədii özfəaliyyət kollektivləri mərasimdə 20 Yanvar faciəsini əks etdirən ədəbi-bədii kompozisiya nümayiş etdirmişlər.
Yanvarın 20-də rayonun bütün ərazisində matəm əlaməti olaraq Azərbaycanın dövlət bayrağı endirilmiş, Bakı vaxtı ilə saat 12-00-də şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, avtomobillərdən səs siqnalları verilmişdir.