Masallıda “Nəsimi ili” çərçivəsində ədəbi-bədii gecə keçirilib
Masallı, 27 mart, Bağır Əliyev, AZƏRTAC
Masallı şəhərindəki 1 nömrəli tam orta məktəbdə “Nəsimi ili” çərçivəsində ədəbi-bədii gecə keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən məktəbin direktoru Mirxanım Hüseynova və Əməkdar müəllim, “Tərəqqi” medallı Mirqabil Hüseynov Prezident İlham Əliyevin Azərbaycanda ədəbiyyata, mədəniyyətə, milli dəyərlərə göstərdiyi qayğı və diqqətdən danışaraq, 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsini bu qayğının bariz nümunəsi kimi dəyərləndiriblər.
Tədbirdə məktəbin tarix müəllimi Sahil Fərzullayevin şair İmadəddin Nəsiminin həyat və yaradıcılığı barədə məruzəsi dinlənilib.
Qeyd edilib ki, 2019-cu ildə mütəfəkkir şair İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə Prezident İlham Əliyev 2019-cu il yanvarın 11-də “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” Sərəncam imzalayıb.
Diqqətə çatdırılıb ki, şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir.
Ədəbi-bədii gecədə məktəbin şagirdləri şairin qəzəllərindən parçalar ifa ediblər.