Masallılı gənclər şəhid ailəsini ziyarət ediblər
Masallı, 11 mart, Bağır Əliyev, AZƏRTAC
Masallı Rayon Gənclər və İdman İdarəsinin kollektivi Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksələn Niyaməddin Sultanzadənin ailəsini ziyarət ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid ailəsinin qayğıları və problemləri ilə maraqlanan gənclər 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə əsgər və zabitlərimizin göstərdiyi igidlikdən, qəhrəmanlıqdan danışıblar.
Şəhid Niyaməddin Sultanzadənin ailə üzvləri ölkəmizdə müharibə iştirakçılarına və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, şəhid Niyaməddin Hüsaməddin oğlu Sultanzadə 1998-ci il sentyabrın 10-da Masallı şəhərində anadan olub. O, şəhər 1 nömrəli tam orta məktəbində orta təhsilini başa vurduqdan sonra 2016-2017-ci illərdə hərbi xidmət keçib. 2018-ci ildən 3 saylı Regional Su Kanal İdarəsinin Masallı su kanal sahəsində xlorator-sutəmizləyici qurğularının operator işləyən Niyaməddin Azərbaycan Dövlət Aqrar Universitetinin aqronomluq fakültəsinin (qiyabi) ikinci kurs tələbəsi idi.
Vətən müharibəsi başlayan zaman könüllü olaraq cəbhəyə yollanan N.Sultanzadə Füzuli və Cəbrayıl rayonları uğrunda döyüşlərdə düşmənə qarşı böyük mərdliklə vuruşub və Qubadlı uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub. O, Masallı şəhərindəki “Dadva” qəbiristanlığında dəfn edilib. Gənc döyüşçü subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Niyaməddin Hüsaməddin oğlu Sultanzadə Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.