MDB-nin Elektroenergetika Şurasının 63-cü iclası keçirilib
Bakı, 22 dekabr, AZƏRTAC
MDB Elektroenergetika Şurasının prezidenti, Rusiya Federasiyası energetika naziri Nikolay Şulqinovun sədrliyi ilə Şuranın 63-cü iclası keçirilib.
AZƏRTAC MDB İcraiyyə Komitəsinin saytına istinadla xəbər verir ki, tədbirdə Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Tacikistan və Özbəkistandan elektroenergetika idarəetmə orqanlarının və elektroenergetika şirkətlərinin rəhbərləri iştirak ediblər.
MDB Baş katibinin müavini Denis Trefilov iclas iştirakçılarına giriş sözü ilə müraciət edib, Birliyin iştirakçısı olan dövlətlərin texnoloji suverenliyinin və sənaye kooperasiyasının aspektlərini nəzərə almaqla, elektroenergetikanın aşağı karbon inkişafı və rəqəmsal transformasiyası məsələlərinin həllinin zəruriliyində MDB dövlətlərinin qarşılıqlı anlaşmasını qeyd edib.
D.Trefilov məlumat verib ki, MDB-nin iştirakçısı olan dövlətlərin rəhbərləri enerji sistemlərinin qarşılıqlı fəaliyyəti əsasında etibarlı davamlı enerji təchizatı və enerji təhlükəsizliyinin təmin olunmasına istiqamətlənmiş energetika sahəsinin inkişafına xüsusi diqqət yetirirlər.
MDB Elektroenergetika Şurasının üzvləri “Milli enerji sistemlərinin balans etibarlılığının qiymətləndirilməsi” mövzusunda məruzəyə böyük maraq göstəriblər. Məruzə bərpaolunan enerji mənbələrindən istifadə, enerji sistemlərinin qlobal transformasiyası kontekstində elektrik enerjisinin saxlama sistemlərinin tətbiq edilməsi də daxil olmaqla, aşağı karbonlu energetikanın payının artırılmasına aid olan məsələləri əhatə edib.
İclas zamanı MDB Elektroenergetika Şurasının Reqlamentinin yeni redaksiyası təsdiq edilib, elektroenergetika sahəsində beynəlxalq sənədlərin inventarlaşdırılması məsələsi nəzərdən keçirilib.
Özbəkistanın energetika naziri Curabek Mirzamahmudov MDB Elektroenergetika Şurasının vitse-prezidenti, Tacikistanın energetika və su resursları nazirinin müavini Sorbon Xolmuxamadzoda MDB Elektroenergetika Şurasının yanında Koordinasiya Şurasının sədri seçilib.
İclasın nəticələrinə dair müvafiq qərarlar qəbul olunub.
Qeyd edək ki, MDB Elektroenergetika Şurasının növbəti, 64-cü iclasının keçirilməsi 2024-cü ilin II rübündə Rusiyada planlaşdırılır.