MDB-nin mənzil-qərargahında təhlükəsizlik və səhiyyə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq
Minsk, 30 yanvar, AZƏRTAC
Gələn həftə Belarusun paytaxtında MDB İcraiyyə Komitəsində ekspert qruplarının bir sıra iclasları keçiriləcək.
Birliyin Minskdəki mənzil-qərargahından AZƏRTAC-a bildirilib ki, fevralın 4-5-də təhlükəsizlik sahəsində əməkdaşlığa dair sənəd layihələrin razılaşdırılması üzrə ekspert qrupunun iclası keçiriləcək.
Ekspertlər xüsusilə Birliyin iştirakçı dövlətlərinin silahlı qüvvələrinin marağındakı coğrafi məkan informasiyası mübadiləsi sahəsində əməkdaşlığa dair Saziş layihəsini müzakirə edəcəklər.
Sənəd Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Baş Qərargahının hərbi topoqrafiya idarəsi tərəfindən hazırlanıb.
Saziş layihəsinin hazırlanmasına və qəbuluna tələbat MDB ölkələrinin silahlı qüvvələrinin marağındakı coğrafi məkan informasiyası mübadiləsi və vahid informasiya məkanını inkişaf etdirmək zərurətindən yaranıb.
Sənədin qəbulu MDB dövlətlərinin silahlı qüvvələrinin topogeodeziya və naviqasiya təminatı üzrə yaranan çətinlikləri həll etməyə imkan verəcək.
Saziş layihəsi MDB üzv dövlətlərinin silahlı qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasında təqdir olunub.
Ekspertlərin iclasında həmçinin MDB Hökumət Başçıları Şurasının Birliyin iştirakçı dövlətlərinin hava hücumundan müdafiə problemlərinin tədqiqi üzrə baza təşkilatı haqqında 2012-ci il 30 may tarixli Qərarına dəyişikliklər ediləcək.
Yekun razılaşdırmadan sonra sənəd layihələri müəyyən edilmiş qaydada baxılmaq üçün MDB-nin ali orqanlarına təqdim ediləcək.
Fevralın 4-5-də əhalinin sağlamlığının qorunmasında əməkdaşlığı nizamlayan sənəd layihələrinin razılaşdırılması üzrə ekspert qrupunun da iclası keçiriləcək.
Yekun razılaşdırmadan sonra sənəd layihələri müəyyən edilmiş qaydada baxılmaq üçün MDB-nin ali orqanlarına təqdim ediləcək.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk