MDB ölkələrinin ekspertləri Birliyin 30 illiyinə həsr olunan tədbirlər planının layihəsini müzakirə ediblər
Bakı, 14 iyul, AZƏRTAC
Minskdə MDB-nin İcraiyyə Komitəsinin ekspert qrupu videokonfrans rabitəsi rejimində Müstəqil Dövlətlər Birliyinin 30 illiyinə həsr olunmuş tədbirlər planının razılaşdırılması üzrə əlavə iclas keçirib.
Bu barədə AZƏRTAC-a MDB-nin Icraiyyə Komitəsindən məlumat verilib. İclasda Azərbaycan, Belarus, Qazaxıstan, Moldova, Rusiya, Tacikistan, Özbəkistan, MDB iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının, Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun, Dövlətlərarası Statistika Komitəsinin, Birliyin İqtisadi İnkişaf üzrə İşgüzar Mərkəzinin və MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.
Planın layihəsinə dövlətlərdən daxil olan düzəlişləri müzakirə edən ekspertlər sənədi nəzərdən keçirərək səs çoxluğu ilə onun ayrı-ayrı bəndlərinə dəyişikliklər ediblər. Bununla yanaşı, Rusiya tərəfi yaxın vaxtlarda planın layihəsinə əlavə təkliflər göndərəcəyi barədə məlumat verib.
Görüşün yekunları üzrə Müstəqil Dövlətlər Birliyinin 30 illiyinə həsr olunmuş tədbirlər planının layihəsini MDB-nin İqtisadi Şurasının müzakirəsinə müəyyən edilmiş qaydada təqdim etmək, ekspert qrupunun əlavə iclasının bütün materiallarını isə dövlətdaxili razılaşdırma üçün birlik ölkələrinə göndərmək qərara alınıb.
Tədbirlər planının layihəsi bir sıra təşkilati, elmi-praktiki tədbirləri, habelə iqtisadi, humanitar əməkdaşlıq sahəsində tədbirləri nəzərdə tutan 20-dən çox maddədən ibarətdir. Onların sırasında MDB Dövlət Başçıları Şurasının yubiley iclasının, MDB-nin sahə əməkdaşlığı orqanlarının bu əlamətdar tarixə həsr olunmuş iclaslarının, “Müstəqil Dövlətlər Birliyinin 30 illiyi: nəticələr və perspektivlər” beynəlxalq elmi-praktik konfransının keçirilməsi, MDB iştirakçısı olan dövlətlərin yaradıcı və elmi ziyalılarının XVI Forumu, Birlik ölkələrində “MDB həftəsi”, təhsil müəssisələrində vahid dərs, müxtəlif idman növləri üzrə sərgi və ekspozisiyalar, oyunlar və turnirlər də öz əksini tapıb.