MDLU tələbələri Azərbaycandakı dil təcrübəsi ilə bağlı təəssüratlarını bölüşüblər
Moskva, 19 iyun, AZƏRTAC
Ölkəmizin Rusiyadakı səfirliyinin əməkdaşları Moskva Dövlət Linqvistika Universitetinin (MDLU) Azərbaycan dilini ikinci dil kimi öyrənən tələbələri ilə görüşüblər.
AZƏRTAC xəbər verir ki, görüş zamanı üçüncü kurs tələbələrinə Azərbaycanın zəngin mədəni irsi, ədəbiyyatı, musiqisi və tarixi haqqında mühazirə deyilib.
Gələcək dilçilər ötən ay Bakı Slavyan Universitetində (BSU) baş tutan dil təcrübəsi ilə bağlı təəssüratlarını bölüşüblər. Tələbələr Bakıya səfərlərinin ən yaddaqalan məqamlarını əks etdirən fotoşəkillərlə təqdimat nümayiş etdirib, mədəni və təhsil müəssisələrinə səfərləri, topladıqları dil təcrübəsi və qazandıqları yeni tanışlıqlar barədə danışıblar.
Proqram iştirakçıları təcrübənin yüksək səviyyədə təşkil olunduğunu və BSU-da onlar üçün yaradılan şəraiti qeyd ediblər. Onların sözlərinə görə, səfər onlara Azərbaycan mədəniyyəti, adət-ənənələri və həyat tərzi ilə daha dərindən tanış olmağa imkan verib.
Bakıya səfərləri çərçivəsində tələbələr İçərişəhər, Qız qalası, Şirvanşahlar Sarayı kompleksi, Heydər Əliyev Mərkəzi, Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasını ziyarət ediblər.
Bundan əlavə, MDLU tələbələri yerli televiziya kanallarının birinə Azərbaycan dilində müsahibə verərək, qazandıqları bilik və bacarıqları nümayiş etdiriblər.