MDU-da dəyirmi masa: “Heydər Əliyev və müasir Azərbaycan”
Bakı, 14 iyun, AZƏRTAC
Mingəçevir Dövlət Universitetində (MDU) “Heydər Əliyev İli” çərçivəsində 15 İyun - Milli Qurtuluş Gününə həsr edilmiş “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda dəyirmi masa keçirilib. MDU-nun Humanitar fənlər kafedrasının təşkilatçılıq etdiyi dəyirmi masada universitetin bir qrup professor-müəllim heyətinin üzvü, tələbə və magistrantlar iştirak ediblər.
Universitetdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Humanitar fənlər kafedrasının müdiri Esmira Cəfərova çıxış edərək 1993-cü il iyunun 15-nin böyük ictimai, siyasi və tarixi əhəmiyyətindən bəhs edib. Bildirib ki, məhz Ümummilli Lider Heydər Əliyevin misilsiz xilaskarlıq missiyası sayəsində Azərbaycan müstəqil dövlət kimi mövcudluğunu qoruyub saxlaya bilib, hərtərəfli, dayanıqlı və dinamik inkişaf yoluna qədəm qoyub. Hazırda Ulu Öndərin siyasi kursunu layiqli şəkildə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz müstəqillik tarixinin ən qüdrətli və şanlı dövrünü yaşayır. Ən yeni tariximizlə bağlı həqiqətlərin, əbədiyaşar lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi və təbliğinin önəmini diqqətə çatdıran E.Cəfərova tələbələrin iştirakı ilə keçirilən hazırkı dəyirmi masanın əhəmiyyətini vurğulayıb.
Milli Qurtuluş Gününə həsr olunmuş videoçarxın nümayişindən sonra MDU-nun Humanitar fənlər kafedrasının baş müəllimi İlham Məmmədovun moderatorluğu ilə tələbələrin çıxışları dinlənilib.
Dəyirmi masa iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.