Məhəbbət Vəliyeva: Təhsilin inkişafı üçün təcrübə mübadiləsinin aparılması vacibdir VİDEO
Bakı, 28 sentyabr, AZƏRTAC
Sentyabrın 28-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə Avropa Komissiyasının TAIEX proqramı çərçivəsində “Məktəb idarəetməsi” mövzusunda beynəlxalq seminar işə başlayıb.
AZƏRTAC xəbər verir ki, seminarda Rumıniya, Sloveniya, Çexiya təhsil nazirliklərinin nümayəndələri Serban Losifescu, Barbara Kresal Sternisa, İvo Jupa, İngiltərənin Durham Universitetinin əməkdaşı Mark Frazer, Rumıniyanın Babes Bolyai Universitetinin əməkdaşı Kristina Dobrota, paytaxtın ümumi təhsil müəssisələrinin direktorları və onların müavinləri iştirak ediblər.
İkigünlük seminarın keçirilməsinin əsas məqsədi təhsil sahəsində beynəlxalq əlaqələri genişləndirmək, əməkdaşlıq çərçivəsində ümumi təhsilin inkişafını daha da sürətləndirməkdir.
Tədbirdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva beynəlxalq əməkdaşlıq çərçivəsində ümumi təhsilin inkişafına dair görüşlərin, seminarların təşkilinin əhəmiyyətindən danışıb. O, təhsilin inkişafı üçün təcrübə mübadiləsi aparılmasının vacibliyini vurğulayıb.
Bildirilib ki, səmərəli məktəb idarəetməsi modelinin yaradılması istiqamətində tədrisin keyfiyyətinə təsir göstərən işlərin həyata keçirilməsi mühüm amillərdəndir.
Təhsildə yeniliyə, islahatlara geniş yer verildiyini bildirən BŞTİ müdirinin müavini Hüseyn Əsgərov təhsil müəssisələrinin qarşısında duran vəzifələrdən, məktəb idarəetməsi, müəllim seçimi kimi məsələlərin aktuallığından danışıb.
Seminar iştirakçıları liderlik, layihələrin təşkili, şagirdlərin idarə olunması, insan resursları, qiymətləndirmə, valideynlərlə işin təşkili, verilənlərin analizi və monitorinqi, səmərəli kommunikasiya, media və məktəb, istedadlı şagirdlərlə işin təşkili kimi mövzular barədə beynəlxalq təcrübə ilə tanış olublar.
Qonaqlar məktəb idarəetməsinə dair təqdimatla çıxış edib, BŞTİ ilə əməkdaşlıqdan məmnunluqlarını bildiriblər.
Təhsil əlaqələrinin ölkələrarası münasibətlərin inkişafında böyük əhəmiyyət daşıdığı xüsusi qeyd olunub.
Seminar sentyabrın 29-da başa çatacaq.