Məhəmməd Süleyman Əl-Casir: Azərbaycan böyük iqtisadi sıçrayışa hazırdır VİDEO
Bakı, 18 iyun, AZƏRTAC
Azərbaycan böyük iqtisadi sıçrayışa hazırdır. Bakı və Azərbaycan regionda inkişaf impulsunu nümayiş etdirən mühüm nümunədir. Şəhərin inkişafı və transformasiyası gözlə görünəcək dərəcədə dəyişib.
AZƏRTAC xəbər verir ki, bunu İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən “Davamlı Rifah Naminə Regional İnteqrasiya” mövzusuna həsr olunmuş yüksəksəviyyəli qeyri-rəsmi müzakirədə deyib.
İslam İnkişaf Bankı Qrupunun Azərbaycanda nəqliyyat layihələrinə investisiya yatırmağı nəzərdən keçirdiyini deyən İİB sədri Səudiyyə Ərəbistanı hökumətinin tapşırığı ilə Azərbaycanın beynəlxalq maliyyə institutlarına inteqrasiyasına dəstək verdiyini əlavə edib.
“Qarabağa etdiyim iki səfər zamanı bölgədə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərini yaxından müşahidə etmək imkanı əldə etmişəm. İslam İnkişaf Bankı regionda icra olunan ilk layihələrdən biri kimi su təchizatı və irriqasiya infrastrukturunun bərpasına maliyyə dəstəyi göstərib. Hazırda isə dəyəri 430 milyon dollardan artıq olan daha əhatəli layihə çərçivəsində suvarma kanallarının yenidən qurulması işləri davam etdirilir. Layihənin əsas məqsədi su itkilərini minimuma endirmək, mövcud infrastrukturda yaranmış aşınma və texniki problemləri aradan qaldırmaq, eləcə də su ehtiyatlarının daha səmərəli və effektiv şəkildə bölüşdürülməsini təmin etməkdir", - deyə İİB sədri əlavə edib.