Mehmanxana əməkdaşlarına sertifikatlar təqdim olunmuşdur
Bakı, 31 oktyabr (AZƏRTAC). Hər il olduğu kimi, bu il də Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi arasında mövcud olan əməkdaşlığa əsasən qardaş ölkənin turizm mütəxəssisləri ölkəmizdə fəaliyyət göstərən mehmanxana əməkdaşları üçün təlim-tədris kursları keçmişlər.
Turistlərə göstərilən xidmətin keyfiyyətinin artırılması məqsədi ilə Azərbaycan Turizm İnstitutunda (ATİ) təşkil edilən kurslar mehmanxana idarəçiliyi, qeyd-qəbul, xadiməlik, masa xidmətləri ixtisasları üzrə keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, oktyabrın 31-də ATİ-nin nəzdində fəaliyyət göstərən Bakı Turizm Peşə Məktəbində treninqə yekun vurulmuş, kursu bitirənlərə sertifikatlar təqdim edilmişdir.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyev Azərbaycan və Türkiyə arasında turizm əlaqələrinin genişlənməsinin, bu sahədə təhsil və təcrübə mübadilələrinin keçirilməsinin artıq ənənə halına aldığını bildirmişdir. İldə iki dəfə - yay və payız aylarında regionlarda, eləcə də Bakıda türkiyəli mütəxəssislərin, Türkiyədə isə azərbaycanlı mütəxəssislərin mütəmadi treninqlər keçirdikləri diqqətə çatdırılmışdır.
Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri Seyid Əhməd Arslan iki qardaş xalq arasında mədəni, elmi əlaqələrin bundan sonra da genişlənəcəyini bildirmişdir.
ATİ-nin prorektoru Eldar Aslanov bildirmişdir ki, 9 gün davam edən seminarlar yaxşı nəticə vermişdir.
Bildirilmişdir ki, treninqlər tələbələr arasında da keçiriləcəkdir.