MƏDƏNİYYƏT
Mehmanxana sistemində çalışan şəxslər üçün təlim-tədris kurslarını bitirənlərə sertifikatlar verilmişdir
Bakı, 10 mart (AZƏRTAC). Xəbər verdiyimiz kimi, “Eurovision-2012” mahnı müsabiqəsinə hazırlıq çərçivəsində mehmanxana sistemində çalışan şəxslər üçün 10 günlük təlim-tədris kursları təşkil edilmişdir.
AZƏRTAC xəbər verir ki, martın 10-da Azərbaycan Turizm İnstitutunda (ATİ) bu kurslarda iştirak edən dinləyicilərə sertifikatlar təqdim olunmuşdur.
Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) nümayəndələrinin iştirak etdikləri tədbirdə ATİ-nin rektoru Cəfər Cəfərov bildirmişdir ki, ölkəmizdə turizmin müasir tələblər səviyyəsində inkişafı istiqamətində mühüm addımlar atılır. Digər əlaqədar qurumlar kimi, ATİ də bu istiqamətdə fəaliyyətini genişləndirir. Bunlardan ən əsası təlim mərkəzinin təşkil etdiyi kurslardır. Buraya bələdçi, turagent, turoperator, FB (yemək-içmək) və digər kurslar daxildir.
C.Cəfərov diqqətə çatdırmışdır ki, martın 1-dən 10-dək ATİ-də keçirilmiş təlim-tədris kurslarında mehmanxana idarəçiləri, qeyd-qəbul, masa xidməti, xadiməlik üzrə dərsləri əsasən Türkiyədən dəvət olunmuş müəllimlər tədris etmişlər.
Mədəniyyət və Turizm Nazirliyi turizm şöbəsinin müdiri Aydın İsmiyev bildirmişdir ki, ötən ilin noyabrında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi və TİKA-nın dəstəyi ilə ölkəmizin turizm sektorunda çalışan mütəxəssislər üçün yemək-içmək servisi və mehmanxana xidmətləri üzrə təlim-tədris kursları təşkil edilmişdir.
Qeyd olunan kursların uğurlu nəticələr verdiyini, həmçinin cari ilin mayında “Eurovision-2012” mahnı müsabiqəsinin Bakı şəhərində keçiriləcəyini nəzərə alaraq, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi və TİKA-nın dəstəyi ilə Bakı şəhərinin mehmanxana sistemində çalışan əməkdaşlar üçün 10 günlük otel menecmenti, qeyd-qəbul, xadiməlik və masa xidməti ixtisasları üzrə təlim-tədris kursları təşkil edilmişdir. Bu ali təhsil ocağında təşkil olunan kurslarda 30 mehmanxanadan 120 nəfər iştirak etmişdir.
A.İsmiyev bu istiqamətdə təşkil olunan treninqlərin paytaxtda fəaliyyət göstərən mehmanxana və digər yerləşdirmə obyektlərində xidmət səviyyəsinin yüksəldilməsinə və turizmin inkişafına öz töhfəsini verəcəyinə ümid etdiyini bildirmişdir.
Sonra kursu bitirənlərə sertifikatlar təqdim olunmuşdur.