MEK-də Heydər Əliyev və Azərbaycan dövlətçiliyinə həsr olunmuş virtual sərgi
Bakı, 14 aprel, AZƏRTAC
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi cari il ərzində daxil olan ədəbiyyatların virtual sərgisini təqdim edir.
MEK-dən AZƏRTAC-a bildirilib ki, dəyərli nəşrlər arasında Ulu Öndər Heydər Əliyevin həyatı, ictimai-siyasi fəaliyyətinə dair arxiv mənbələri, milli və ümumbəşəri məna daşıyan müdrik kəlamları, bioqrafiyasının naməlum səhifələri, Ümummilli Liderin qohumları, yaxın dostları və siyasi opponentlərin xatirələri və fikirləri əsasında maraqlı faktların əks olunduğu “Heydər Əliyev. Ömürlük missiya”, “Heydər Əliyev dühası və müasir Azərbaycan”, “Heydər Əliyev və Çin”, “Heydar Aliyev. Words of wisdom:” kimi kitablar yer alır.
Virtual sərgidə təqdim olunan “İnkişaf-məqsədimizdir” çoxcildliyində (119, 120, 121, 123-cü kitablar) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan, Rusiya, Özbəkistan, Gürcüstan, Albaniya, İtaliya, Əlcəzair və Serbiyaya səfərlərindən, həmçinin Türkiyəyə işgüzar səfəri, bu səfər zamanı Rəcəb Tayyib Ərdoğanla, Konya şəhərində keçirilmiş V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşü və Qobustan, İsmayıllı, Ağsu rayonlarına, Sumqayıt şəhərinə səfərləri, İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsi yer alıb.
“Şuşa müqəddəs Azərbaycan şəhəri” və “Şuşa 270 tarixdə” kitablarında isə Şuşanın tarixindən, şan-şöhrətindən, iqtisadi və mədəni mərkəzə çevrilməsindən, xanlıqlar dövründəki coğrafi əhəmiyyətindən, Azərbaycandan qoparılmasından və Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruq” adı altında keçirdiyi genişmiqyaslı hərbi əməliyyat nəticəsində Azərbaycanın əzəli torpaqlarının geri qaytarılmasından danışılır.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulan nəşrlərin elektron versiyalarını MEK-in elektron kataloquna daxil olub PDF şəklində yükləmək və ya onlayn rejimdə mütaliə etmək mümkündür.
Qeyd edək ki, Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi Azərbaycan dövlətçiliyinə dair ədəbiyyatın komplektləşdirilməsi, mühafizəsinin və istifadəsinin təşkili, ənənəvi və elektron informasiya-axtarış aparatının təşkili, dövlətimiz və Ulu Öndər şəxsiyyəti ilə bağlı elmi-tədqiqat işlərinin informasiya təminatını təşkil edir, mövzu və şəxsi biblioqrafik göstəricilərin, çap kataloqlarının hazırlanması, elmi-kütləvi tədbirlərin təşkili və keçirilməsi fəaliyyətini nəzərdə tutur.