MEK-in “EBSCO” bazası ilə əməkdaşlığı oxucular üçün yeni imkanlar açacaq
Bakı, 16 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) baş direktoru professor Məmməd Əliyev “EBSCO” tammətnli məlumat bazasının MDB ölkələri üzrə direktoru Andrey Sokolovla görüşüb.
Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib.
İlk olaraq baş direktor Məmməd Əliyev qonağa MEK haqqında ətraflı məlumat verib. Bildirilib ki, fundamental elmi nəşrlərlə zəngin olan kitabxanada bədii ədəbiyyat, dövri mətbuat, elmi jurnallar və kolleksiyalar qorunur. Qeyd olunub ki, ölkə üzrə XVI əsrə aid ən qədim nəşr də məhz MEK-də saxlanılır. “Mərkəzi Elmi Kitabxana ölkənin kitabxanaları, qurumları, eləcə də beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verir və bu sahədə uğurlu partnyorluq əlaqələri qurur. Kitabxana olaraq bir sıra mühüm tədbirlərə, tematik sərgilərə ev sahibliyi edirik. Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamına əsasən müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illiyi keçirilir. “Heydər Əliyev İli” çərçivəsində həm ölkə daxilində, həm də əməkdaşlıq etdiyimiz xarici qurumlarda Ulu Öndərin irsinin təbliği məqsədilə silsilə tədbirlər planlaşdırılır”, - deyə baş direktor vurğulayıb.
Baş direktor “EBSCOHost” şirkəti ilə əməkdaşlığın və Azərbaycan Kitabxana İnformasiya Konsorsiumuna üzvlüyün oxucular üçün yeni imkanlar açacağına dair əminliyini ifadə edib.
Andrey Sokolov da qeyd edib ki, “EBSCOHost” şirkəti aparıcı nəşriyyatların elmi resurslarının ən böyük əlaqələndiricisidir. Şirkət 180 ölkənin 40-dan artıq dilində akademik nəşrləri özündə cəmləşdirir.
Daha sonra MEK-in Azərbaycan Kitabxana İnformasiya Konsorsiumuna üzvlük məsələsi və “EBSCO” arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.