Meksikada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Bakı, 24 fevral, AZƏRTAC
Meksikanın paytaxtı Mexiko şəhərinin Tlakskoake-Xocalı meydanında yerləşən “Xocalı soyqırımı” abidəsi qarşısında faciənin 30-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Bu barədə AZƏRTAC-a Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, anım tədbiri Meksika Konqresi və Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən təşkil edilib. Tədbirdə Meksika Deputatlar Palatasında fəaliyyət göstərən Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, Konqresin digər üzvləri, ölkədə akkreditə olunmuş xarici ölkə səfirləri və diplomatik korpus nümayəndələri, yerli KİV təmsilçiləri və QHT-lərin iştirakı ilə keçirilmiş tədbirdə ilk olaraq, Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov Xocalı soyqırımı və erməni təcavüzünün tarixi haqda tədbir iştirakçılarına məlumat verib. Xocalıdakı qətliamın XX əsrdə mülki əhaliyə qarşı törədilmiş ən qəddar cinayətlərdən biri olduğunu vurğulayıb. O, bu faciəyə beynəlxalq səviyyədə ədalətli hüquqi və siyasi qiymətin verilməsinin vacibliyini qeyd edib. Məmməd Talıbov bir çox dünya ölkələrinin parlamentləri, o cümlədən Meksika Konqresinin hər iki palatası tərəfindən Xocalı soyqırımını pisləyən sənədlərin qəbul edildiyini söyləyib, bu məsələdə nümayiş etdirdiyi ədalətli mövqeyə və həmrəyliyə görə təşəkkürünü ifadə edib.
Sonra Meksika Deputatlar Palatasındakı Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Migen Anxel Navarrete və millət vəkili Susana Prieto çıxış edərək Xocalıda həlak olmuş soydaşlarımızla bağlı Azərbaycan xalqına başsağlığı veriblər. Bu faciə haqqında Meksika və dünya ictimaiyyətinin məlumatlandırılması üçün daim çalışacaqlarını bildiriblər.
Tədbirdə səfirlik adından “Xocalı soyqırımı” abidəsi önünə əklil qoyulub, abidəni ziyarət edən iştirakçılar tərəfindən gül dəstələri düzülüb və qonaqlara qanlı faciənin tarixindən bəhs edən broşür və materiallar təqdim olunub.