Meksikalı tələbələr Azərbaycana böyük maraq göstərirlər
Bakı, 17 mart, AZƏRTAC
Meksikanın və Latın Amerikasının ən böyük və nüfuzlu ali təhsil müəssisəsi olan Meksika Milli Avtonom Universitetinin (UNAM - Universidad Nacional Autónoma de México) Siyasi və Sosial Elmlər fakültəsinin tələbələri üçün Azərbaycan haqqında geniş təqdimat keçirilib.
Bu barədə AZƏRTAC-a Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.
UNAM-ın Siyasi və Sosial Elmlər fakültəsinin tədqiqat professorları Fausto Kintana və Talya İşcanın moderatorluğu ilə keçirilən təqdimatda bu ölkədəki səfirimiz Məmməd Talıbov Azərbaycanın müstəqillik ənənələri, tarixi, dövlət müstəqilliyinin bərpa edilməsi və ilk illərdə qarşıya çıxan çətinliklər barədə danışıb. Bu il anadan olmasının 100 illiyi qeyd olunan Ümummilli Lider Heydər Əliyevin həyatı və fəaliyyəti, onun Azərbaycan dövlətinin qurulmasında müstəsna rolu, həmçinin Ulu Öndərin vizyonu və ideyaları əsasında reallaşmış dünyamiqyaslı enerji və nəqliyyat layihələri nəticəsində həm region, həm də bütün Avrasiya miqyasında geosiyasi proseslərdə baş verən müsbət dəyişikliklərdən bəhs edib.
Diplomat, həmçinin erməni təcavüzünün tarixi, 44 günlük müharibə və nəticələri, regiondakı yeni reallıqlar, davam edən sülh prosesi, ölkəmizin neft-qaz strategiyası, iqtisadi inkişaf göstəriciləri, incəsənəti, milli mətbəxi və multikulturalizm ənənələri haqda məlumat verilib. Konfransda, eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan tərəfindən görülən işlər, eləcə də ölkəmizin xarici siyasət prioritetləri, nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsindəki fəaliyyəti barədə məlumatlar səsləndirilib.
Bundan əlavə, iki dövlət arasındakı əlaqələr, son dövrlərdə həyata keçirilən qarşılıqlı səfərlər, ölkələrimiz arasında mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlıq imkanlarının genişləndirilməsi, eləcə də xarici tələbələr üçün Azərbaycanda mövcud olan təhsil imkanları, təcrübə və təqaüd proqramları barədə məlumat verilib, həmçinin auditoriya tərəfindən ünvanlanan suallar cavablandırılıb.