Məktəbdə Ulu Öndərə həsr olunmuş “Xalqa bağışlanan ömür” adlı tədbir keçirilib
Bakı, 20 aprel, AZƏRTAC
Bakı şəhəri 158 nömrəli tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Xalqa bağışlanan ömür” adlı tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndərin və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Məktəbin direktoru Mehriban Ələkbərova dahi liderin Azərbaycan xalqı, dövləti qarşısındakı misilsiz tarixi xidmətlərindən, təhsilə göstərdiyi qayğı və diqqətindən söz açıb.
BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov tədbirə şagirdlərin çox həvəslə hazırlaşmalarını müdrik şəxsiyyət Heydər Əliyevin ideyalarına sadiqliyin ifadəsi olduğunu bildirib.
Milli Məclisin deputatı Anar İsgəndərov, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Yasamal rayon şöbəsinin sədri Bəhram Şeydayev təhsil müəssisələrində şagirdlərin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin ömür yolundan, siyasi və dövlət xadimi kimi zəngin fəaliyyətindən bəhs edən ədəbi-bədii kompozisiyaların nümayiş olunmasını dahi rəhbərə sevgi, sədaqət nümunəsi kimi dəyərləndiriblər.
Tədbirdə fəaliyyətində fərqlənən müəllimlərə fəxri fərmanlar təqdim olunub.
Sonda şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiyalar nümayiş olunub, Ulu Öndərin fəaliyyətindən bəhs edən qısa videoçarx göstərilib.