“MƏKTƏBLƏRİN MALİYYƏ DÜSTURU: EHTİYACLARA GÖRƏ MALİYYƏLƏŞMƏ...” MÖVZUSUNDA SEMİNAR
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, YUNESKO Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi ilə birgə təşkil olunmuş seminarda qeyri-hökumət təşkilatlarının nümayəndələri, təhsil və maliyyə üzrə ekspertlər iştirak edirlər.
Təhsil naziri Misir Mərdanov ölkəmizin Prezidenti İlham Əliyevin Azərbaycan təhsilinin inkişafına göstərdiyi diqqət və qayğıdan danışmışdır.
Şagirdbaşına maliyyələşmənin təhsilin keyfiyyətinin yüksəlməsinə təsir edən əsas amillərdən biri olduğunu qeyd edən nazir bununla bağlı üç pilot rayonunda aparılan işləri də diqqətə çatdırmış, seminarın əhəmiyyətini vurğulamışdır.
Sonra “Maliyyə düsturu nədir?” mövzusunda mühazirələr dinlənilmiş, geniş müzakirələr aparılmışdır.
YUNESKO-nun təmsilçisi Muriel Puasso “Maliyyə düsturuna dair ümumi təqdimat: beynəlxalq təcrübə”, Litva Təhsil və Elm Nazirliyi Ümumtəhsil Departamentinin direktoru Arunas Plikşnus “Litvada təhsilin maliyyələşmə islahatları” mövzularında çıxış etmişlər.