“Məktəblilər Ədibin Evində” layihəsi bu il Balaxanı neftçilərinin dəstəyi ilə davam edəcək
Bakı, 27 yanvar, AZƏRTAC
Ötən ildən etibarən “Ədibin Evi” və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə həyata keçirilən, 200-dən çox Bakı məktəblisinin iştirak etdiyi "Məktəblilər Ədibin Evində" layihəsi bu il “Balakhani Operating Company LTD”nin dəstəyi ilə davam edəcək.
AZƏRTAC xəbər verir ki, 2025-ci ilin ilk görüşündə İçərişəhərdə yerləşən Azərbaycanın görkəmli yazıçısı, alimi və pedaqoqu Mir Cəlalın yaşadığı tarixi ünvanı - “Ədibin Evi”ni paytaxtın ən qədim məktəblərindən birinin - Sabunçu rayonunda yerləşən “üç əsrin şahidi”, 67 saylı tam orta məktəbin şagirdləri, Azərbaycan dili və ədəbiyyatı üzrə müəllimləri ziyarət ediblər.
Qeyd edək ki, XIX əsrin sonunda Bakı Neft Sənayeçiləri Qurultayının qərarı ilə açılan məktəb Balaxanı, Sabunçu və Ramana neft mədənlərində çalışan fəhlələrin uşaqlarına təhsil vermək üçün təsis olunub.
“Ədibin Evi”nin icraçı direktoru Şəfəq Mehrəliyeva məktəblilərlə Mir Cəlalın həyat və yaradıcılığı ilə bağlı söhbət aparıb. Bildirib ki, fəaliyyət illərinin əsas hissəsi Sovet dövrünə düşsə də, ədib əsərlərində mövcud senzuraya rəğmən, bədii yollarla daim müasirlik, maarifçilik, müstəqillik və azərbaycançılıq ideyalarını təbliğ edib, gələcək nəsillər üçün bu toxumları səpib. Şəfəq Mehrəliyeva Mir Cəlalın sitatına müraciət edərək vurğulayıb: “Günəş torpağın dərinliklərinə nüfuz edib onu bahar həyatına oyadan kimi, kitab da bəşəriyyətin ən geniş təbəqələrini həyata, azadlığa, səadətə çağırmaqdadır”.
Məktəblilərlə söhbəti davam etdirən Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova isə bildirib ki, təhsil və fərdin müstəqil düşüncə qabiliyyəti arasında birmənalı əlaqə var. O vurğulayıb ki, kitaba sevgi və qiraət ən gənc yaşdan insanın yaradıcı və tənqidi təfəkkürünü genişləndirir, həyatını təhlil edib qiymətləndirmək bacarığı aşılayır və nəticədə cəmiyyətin daha faydalı üzvünə çevirir. Bu ay 35 illiyini qeyd etdiyimiz Qara Yanvar hadisələrini nümunə gətirən Günel Səfərova deyib ki, Sovet İttifaqının süqutunu tezləşdirən həmin hadisələr Qarabağdakı haqsızlıqlara etiraz səsini ucaldan məhz tənqidi təfəkkürlü xalqın səsini batırmaq cəhdi idi. Lakin Azərbaycan xalqı müstəqillik istəyindən geri dönmədi, qurbanlar bahasına sonunda öz müstəqilliyini bərpa etdi. İlk müstəqillik tariximizdə də, həmçinin əsrlərlə aralarında ədavət aparıb birləşə bilməyən Azərbaycan xanlıqlarını müstəqil dövlətə xaricdə təhsil alıb mütərəqqi ideyalarla qayıdan ziyalılar çevirdilər. “Təhsil namümkünü mümkün edəndir”, - deyən Günel Səfərova məktəblilərə təhsillərində uğurlar arzulayıb.
"Məktəblilər Ədibin Evində" layihəsinin məqsədi gənclər arasında mütaliə vərdişlərinin genişləndirilməsi, ədəbiyyata marağın artırılması, şagirdlərin milli ədəbiyyat vasitəsi ilə azərbaycançılıq ideyaları ilə tanış olmalarını təmin etməkdir.
Bu il layihəni dəstəkləyən “Balakhani Operating Company LTD”nin prezidenti Rövşən Rzayev şirkətin qərarını şərh edərək bildirib: “Ölkəmiz yeni neft erasına daxil olduqdan bəri Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda çoxsaylı təhsil proqramları vasitəsilə Prezident İlham Əliyev tərəfindən davam etdirilən “qara qızıl”ın insan kapitalına çevrilməsi siyasəti şirkətimiz üçün sosial məsuliyyət layihələri seçərkən prioritet istiqamətdir. Azərbaycanın son 30 ildə qüdrətli dövlətə çevrilməsinin təməlində onun insanının zəkası və əməyi durur. Ümid edirik ki, fəaliyyət göstərdiyimiz Sabunçu və Suraxanı rayonları ərazilərindəki məktəblilər bu il “Ədibin Evi”ndəki görüşlərdə iştirak edərək dövlətimizi yeni uğurlara aparan nəslin nümayəndələri kimi formalaşacaqlar”.