Məmməd Səid Ordubadinin “Qanlı sənələr” romanının mart qırğınına həsr olunduğu diqqətə çatdırılmışdır
Bakı, 31 mart (AZƏRTAC). Martın 31-də M.S.Ordubadinin ev-muzeyində Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş anma tədbiri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, muzeyin foyesində soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş sərgi nümayiş etdirilmişdir.
Muzeyin direktoru Lalə Abaszadə görkəmli yazıçı, silsilə tarixi romanlar müəllifi M.S.Ordubadinin “Qanlı sənələr” romanının məhz 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edildiyini söyləmişdir. “Qanlı sənələr” haqqında danışarkən sovet rejiminin bu hadisələri ört-basdır etməsini və həmin səbəbdən də əsərin üzə çıxarılmasına əngəllər yarandığını söyləyən natiq, romanın müstəqilliyimiz əldə olunduqdan sonra işıq üzü gördüyünü vurğulamışdır.
Din Tarixi Muzeyinin direktoru Münəvvər Babayeva, Bakıdakı 7 nömrəli məktəbin tarix müəllimi Aybəniz Əsgərova və başqaları Azərbaycan xalqının son iki əsrdə erməni millətçiləri tərəfindən xüsusi qəddarlıqla qətlə yetirilərək, doğma torpaqlarından deportasiya olunduqlarını xatırlatmışlar.
Bildirilmişdir ki, bədnam qonşularımız bu siyasəti indi də davam etdirməkdədirlər. Ermənilər tərəfindən 1988-ci ildə başlanmış növbəti təcavüz dalğası torpaqlarımızın 20 faizinin işğalı, on minlərlə günahsız soydaşlarımızın qətlə yetirilməsi ilə nəticələnmişdir.
Sonda “Qanlı sənələr” romanından səhifələr oxunmuşdur.