“Mən sizin keçirdiyiniz hissləri, nələrlə üzləşdiyinizi çox yaxşı başa düşürəm” – liviyalı səyyah
Ağdam, 14 iyun, AZƏRTAC
Müharibə zonalarını görmək məyusedicidir. Təsəvvür edin ki, bu torpaqlarda bir vaxt yaşamış insanlar müharibədən əzab çəkiblər və qətlə yetiriliblər. Bu mənzərəni görmək ağrılıdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu işğaldan azad edilən Ağdama səfər edən Most Traveled People təşkilatının üzvlərindən olan liviyalı səyyah Məhəmməd Əl Selini deyib.
“Mən başqa ölkələrdə müharibə zonalarında olmamışam. Ancaq yaşadığım ölkə, yəni Liviya da müharibə ilə üzləşib və mən sizin keçirdiyiniz hissləri, nələrlə üzləşdiyinizi çox yaxşı başa düşürəm”, - deyə o əlavə edib.
Qeyd edək ki, dünyaşöhrətli 4 əsas səyahətçilər şəbəkəsindən biri olan MTP (Most Traveled People) təşkilatının 14 ölkəni (ABŞ, Britaniya, Almaniya, Avstriya, İtaliya, İspaniya, Ukrayna, Rusiya, Türkiyə, Rumıniya, Filippin, Avstraliya, CAR və Santa Lusia) təmsil edən geniş heyətinin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.