MƏQSƏD İKİ-ÜÇ KOMANDAMIZIN AVROPA KUBOKU YARIŞLARINDA İŞTİRAKINA NAİL OLMAQDIR
AZƏRTAC xəbər verir ki, noyabrın 21-də Azərbaycan Voleybol Federasiyasında (AVF) “Rabitə” voleybol klubunun Avropa Voleybol Konfederasiyasının (CEV) kuboku uğrunda keçiriləcək turnirdə debütü ilə əlaqədar mətbuat konfransı keçirilmişdir.
Azərbaycanın indiyədək Avropa kuboku yarışlarında “Azərreyl”lə təmsil olunduğunu deyən AVF-nin baş katibi Elşən İsmayılov, “Rabitə”nin ikinci bir klub kimi qitə kuboku uğrunda yarışlara qatılmasını ölkəmiz üçün tarixi hadisə adlandırmışdır. O demişdir ki, federasiyanın əsas məqsədi Azərbaycanın qitə yarışlarında iki-üç klubla təmsil olunmasını təmin etməkdir. Bu baxımdan “Rabitə”nin bu uğuru Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və AVF-nin birgə işinin nəticəsidir.
Yığma komandanın hazırlığına toxunan federasiyanın baş katibi demişdir ki, hazırda milliyə çoxlu gənc voleybolçular cəlb olunur. Biz eyni zamanda yığmanın əsas oyunçularından biri olmuş İnessa Qorxmazın xidmətlərindən imtina etməli olduq. Çünki yaşının çoxluğu ilə əlaqədar İ.Qorxmazın fiziki göstəriciləri ona oyunu tam gücü ilə keçirməyə imkan vermirdi. Bu səbəbdən biz gənc oyunçulara üstünlük veririk. Hazırda yığma komandanın voleybolçularının orta boyu 1,90 santimetrdir. Bu cür fiziki göstəricilərə malik komanda isə bizdə heç vaxt olmamışdır.
“Rabitə” voleybol klubunun baş məşqçisi Nurlan Sadıqov bildirmişdir ki, rəhbərlik etdiyi kollektiv ötən mövsümə nisbətən kifayət qədər gücləndirilmişdir. Komandaya bir sıra gənc və istedadlı oyunçular cəlb olunmuşdur. Turnirdə komandamızın rəqibi olacaq Sloveniyanın “HİT Nova Qoritsa” klubunun çox güclü olduğunu deyən N.Sadıqov, rəqib üzərində qələbə qazanmaq üçün əllərindən gələni edəcəklərini vurğulamışdır. Klubun qarşısında duran başlıca vəzifələrdən biri də “CEV kuboku” turnirində ilk mərhələnin keçilməsinə nail olmaqdır.
Tədbirdə “Rabitə” klubunun həkimi Mərdan Vəliyevə Beynəlxalq Voleybol Federasiyasının lisenziyası təqdim olunmuşdur.