İQTİSADİYYAT
Mərkəzi Bank və Dünya Bankı arasında yeni layihənin icrasına başlanılıb
![Mərkəzi Bank və Dünya Bankı arasında yeni layihənin icrasına başlanılıb](/files/2023/3/1200x630/16957970776552145883_1200x630.jpg)
Bakı, 27 sentyabr, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankı (AMB) və Dünya Bankı arasında “Maliyyə Sektorunun Modernizasiyası Layihəsi 3”ün icrasına start verilib.
AMB-dən AZƏRTAC-a bildirilib ki, layihənin əhatə dairəsinin müəyyənləşdirilməsi və istiqamətlərin dəqiqləşdirilməsi məqsədilə Dünya Bankının mütəxəssislərdən ibarət geniş tərkibli missiyası cari ilin sentyabr ayının son həftəsində müvafiq görüşlərin keçirilməsi üçün Bakı şəhərində səfərdədirlər. Layihənin əsas məqsədi maliyyə sektorunun nəzarət və tənzimlənməsinin gücləndirilməsi, dövlət maliyyə inklüzivliyi proqramının icrasına dəstək və maliyyə sektorunun monitorinqi üzrə Mərkəzi Banka dəstək göstərməkdən ibarətdir.