Mərkəzi Elmi Kitabxanada professor Tofiq Mustafazadənin kolleksiyası təqdim olunub
Bakı, 29 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (MEK) Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, Tarix İnstitutunun Beynəlxalq münasibətlər tarixi şöbəsinin müdiri, professor Tofiq Mustafazadənin şəxsi kitab kolleksiyasının təqdimatını keçirib.
MEK-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə direktor Leyla İmanova informasiyanın dəyərli resurs olaraq Mərkəzi Elmi Kitabxanada yeni formatlarda yerləşdirilməsindən, xarici və milli elektron dərsliklər bazasının, tammətnli beynəlxalq elektron resursların, Azərbaycan və rus dillərində ixtiralar və faydalı model patentləri siyahılarının hazırlanmasından söz açıb. O, Azərbaycanın informasiya təhlükəsizliyi alqoritmindən də danışıb, tədbirdə iştirak edən tarixçi alimlərə çağırışlarla müraciət edib. Həmçinin MEK-in “Vikipediya” fəaliyyətinin hərəkat müstəvisinə keçməsindən, Azərbaycanın “Vikipediya”da mövqeyinin 62-ci pillədən 47-ci pilləyə qalxmasından və xarici dövlətlərdə yerli dillərdə ölkəmiz haqqında məqalələr yerləşdirilməsindən danışıb.
MEK-in Oxuculara xidmət və nəzarət bölməsinin rəhbəri Ofeliya Yunusova alimin yaradıcılığı və şəxsi kolleksiyası haqqında təqdimatla çıxış edib. Diqqətə çatdırıb ki, kolleksiyada Tofiq Mustafazadənin əsərləri ilə yanaşı, Azərbaycan, rus və başqa xarici dillərdə nəşr olunmuş, tarix elminin bütün bölmələrinə aid əsərlər, ensiklopediyalar, müxtəlif elmi toplantıların materialları cəmlənib. Kolleksiya Humanitar və ictimai elmlər üzrə yardımçı fondda mühafizə olunur.
Tədbirdə alim tərəfindən Azərbaycan, Rusiya və Türkiyə arxivlərindən toplanmış materiallar, tarixi mənbələr, əldə edilmiş faktlar əsasında Quba xanlığının şəcərəsi, sosial-iqtisadi münasibətləri, dövlət idarəçiliyindən bəhs edən “Quba xanlığı”, “Azərbaycan xanlıqlarının qısa tarixi” kitabları, erməni saxtakarlıqlarına qarşı barışmaz mübarizənin əks olunduğu “Avropa diplomatiyasında “erməni məsələsi” və ya Türkiyəni bölüşdürmək planı (rusdilli sənədlər əsasında)”, “Erməni məsələsi”ndən erməni terrorizminə” adlı monoqrafiyaları, “Azərbaycan-Rusiya münasibətləri”, 2 cildlik “Ümumi tarix”, “Quba əyalətinin kameral təsviri” kitabları xüsusi qeyd olunub.
Ofeliya Yunusova diqqətə çatdırıb ki, görkəmli alimin müəllifi olduğu bu dəyərli nəşrlər MEK-in elektron kataloqunda, Milli Rəqəmsal Yaddaş bazasında yerləşdirilib.
Tədbirdə çıxış edən AMEA-nın Tarix İnstitutunun direktor müavini, tarix üzrə elmlər doktoru Tofiq Nəcəfli, elmi müəssisənin əməkdaşları, tarix üzrə fəlsəfə doktorları Mərziyyə İsgəndərova, Emil Kərimov, Fəridə Əliyeva alimin yaradıcılığından, onun Azərbaycan elminə bəxş etdiyi əsərlərdən, pedaqoji fəaliyyətindən söhbət açıblar.
Sonda Tofiq Mustafazadə onun haqqında dəyərli fikir söyləyənlərə, dostlarına, kitabxananın əməkdaşlarına və iştirakçılara dərin təşəkkürünü bildirib.
Qeyd edək ki, MEK-in Vikipediya Metodik Mərkəzi tərəfindən “Vikipediya”da alim haqqında yazılan məqaləyə əlavələr edilərək genişləndirilib.