MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA GÖRÜŞ
Qonaqları salamlayan M.Pənahov qeyd etmişdir ki, Mərkəzi Seçki Komissiyası 1999-cu ildən Avropa Şurasının bu qurumu ilə əməkdaşlıq edir və təşkilatın nümayəndə heyətinin respublikamıza səfərini yüksək qiymətləndirir.
Nümayəndə heyətinin rəhbəri Covanni Di Stazi Azərbaycanda demokratiyanın inkişafında Mərkəzi Seçki Komissiyasının böyük rol oynadığını vurğulamış, MSK-nın hazırkı tərkibi və seçki komissiyalarının formalaşma prinsipləri barədə məlumat verilməsini xahiş etmişdir.
MSK-nın sədri demişdir ki, seçki komissiyaları Avropa Şurası Venesiya Komissiyası ekspertlərinin yaxından iştirakı ilə hazırlanmış Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əsasən formalaşdırılır. Sədr MSK-nın hazırkı tərkibi və seçki komissiyalarının formatı barədə qonaqlara ətraflı məlumat vermişdir.
Azərbaycan rəhbərliyinin beynəlxalq standartlara uyğun qanunverici baza yaratmaq səylərindən xəbərdar olduğunu söyləyən AŞ AYRHK sədri, MSK-nın 125 seçki dairəsində əlverişli fəaliyyət şəraiti yaratmasını da yüksək qiymətləndirdiklərini diqqətə çatdırmışdır. Qonaq 2004-cü il dekabrın 17-də keçirilmiş bələdiyyə seçkilərində nəticələri etibarsız hesab edilmiş bələdiyyələrə təkrar seçkilərin keçirilmə vaxtı ilə maraqlanmışdır.
MSK sədri bildirmişdir ki, obyektiv səbəbdən - 2005-ci ildə Milli Məclisə seçkilər keçirildiyinə görə nəticələri etibarsız hesab edilmiş bələdiyyələrə təkrar seçkilər təxirə salınmışdır. M.Pənahov bu məsələnin payıza qədər həllini tapacağını bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunmuşdur.