MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA MƏTBUAT KONFRANSI
MSK sədri bildirmişdir ki, parlament seçkilərinə hazırlıqla əlaqədar bütün işlər “Azərbaycan Respublikasının Seçki Məcəlləsi”nə uyğun həyata keçirilmişdir. O xatırlatmışdır ki, Azərbaycan Prezidenti İlham Əliyev parlament seçkilərinə hazırlıq dövründə və həmin seçkilərin keçirilməsi zamanı bu sahədə baş verə biləcək əyintilərin və qanun pozuntularının qarşısını almaq, seçkiləri Seçki Məcəlləsinin müddəalarına tam uyğun keçirmək, bu sahədə icra hakimiyyəti orqanlarının üzərinə düşən vəzifələrin lazımınca yerinə yetirilməsini təmin etmək məqsədi ilə bu il mayın 11-də “Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair” Sərəncam imzalamışdır.
Məzahir Pənahov seçki marafonu başlanandan bəri görülmüş işlər -müxtəlif səviyyəli komissiyaların tərkibinin formalaşdırılması, seçici siyahılarının dəqiqləşdirilməsi, treninqlər və digər maarifləndirici tədbirlər, namizədlərin qeydə alınması, təşviqat kampaniyası haqqında məlumat vermişdir. Bildirilmişdir ki, bütün bu işlərin görülməsi zamanı Seçki Məcəlləsinin və Prezident Sərəncamının müddəalarına ciddi əməl edilmişdir. Seçki komissiyaları müasir avadanlıqla təchiz olunmuşdur. Butün seçicilərin siyahısı internetdə yerləşdirilmişdir. 2000-dən artıq deputatlığa namizədin qeydə alınması, onların seçicilərlə çoxsaylı görüşləri, seçkiqabağı təşviqatın sərbəst surətdə və bərabər əsaslarla həyata keçirilməsi, əyani təşviqat vasitələrindən geniş istifadə olunması və s. hazırkı seçki kampaniyasını səciyyələndirən əsas xüsusiyyətlərdəndir.
Bütün şəhər və rayonlarda vətəndaşların sərbəst toplaşmaq hüququnun həyata keçirilməsini təmin etmək məqsədi ilə müvafiq yerlər ayrılmışdır. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, İctimai Televiziya və Radio Yayımları Şirkəti, özəl teleradio şirkətləri deputatlığa namizədlərin bərabər əsaslarla təbliğ olunmasını təmin edən proqramlar hazırlamış, siyasi platformaların müzakirəsi məqsədi ilə müvafiq forumlar təşkil etmişlər.
MSK sədri ölkə Prezidentinin oktyabrın 25-də imzaladığı “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” Sərəncamından danışaraq demişdir ki, bu sənəd seçki praktikasının təkmilləşdirilməsi sahəsində görülən tədbirlərin səmərəliliyini daha da artırmış, Seçki Məcəlləsinin müddəalarına tam əməl olunmasına kömək göstərmişdir və səsvermə günü vətəndaşların öz iradəsini sərbəst şəkildə ifadə etməsinin təmin olunması baxımından xüsusi əhəmiyyəti vardır.
Məzahir Pənahov məlumat vermişdir ki, hazırda seçki bülletenlərində 1541 namizədin adı qalmışdır. Seçkiləri 17 mindən artıq yerli, 45 ölkədən 1586 beynəlxalq müşahidəçi izləyəcəkdir. Dairə seçki komissiyalarında 40 minə yaxın yerli müşahidəçi qeydiyyatdan keçmişdir. Seçkilərin gedişini müxtəlif ölkələrin 80-ə yaxın kütləvi informasiya vasitəsinin 260-a qədər təmsilçisi işıqlandıracaqdır.
Məzahir Pənahov jurnalistlərin seçkilər günü MSK-nın iş rejimi, komissiyaların tərkibi, saxtalaşdırma ehtimalı və s. suallarına cavab vermişdir.