MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
Seminar-müşavirəni komissiyanın sədri Məzahir Pənahov açaraq demişdir ki, noyabrın 6-da Milli Məclisə keçiriləcək seçkilər böyük tarixi hadisədir və seçkilərə hazırlıq uğurla davam edir, bu günədək hər hansı ciddi bir problem qeydə alınmamışdır və ümumiyyətlə, vəziyyət qənaətbəxşdir. Sədr seçici vəsiqələrinin seçicilərə çatdırılması işinin diqqətdə saxlanıldığını vurğulayaraq qeyd etmişdir ki, aşağı seçki komissiyaları bu istiqamətdə fəaliyyətlərini daha da intensivləşdirməli, bütün seçiciləri seçki vəsiqəsi ilə təmin etməlidirlər.
Mərkəzi Seçki Komissiyasının sədri səsvermə gününə 17 gün qaldığını xatırladaraq diqqətə çatdırmışdır ki, səsvermə günü seçki məntəqlərində hər hansı bir qanun pozuntusuna yol verilməməli, qanundankənar addım atılmamalıdır. Bütün müşahidəçilərə və kütləvi informasiya vasitələrinin nümayəndələrinə maneəsiz, sərbəst şəkildə müşahidə aparmaq və səslərin sayılması prosesini izləmək şəraiti yaradılmalıdır.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair” 2005-ci il 11 may tarixli Sərəncamında əks olunmuş bütün müddəalar kimi, bu müddəanın tələbi də yüksək səviyyədə yerinə yetirilməlidir. Müşahidəçilərin hesabatları seçki prosesinə qiymət verilməsi işində bizə çox kömək edir.
Sədr komissiya üzvlərinin hər hansı bir namizədin xeyrinə fəaliyyət göstərmələrinin qanunazidd olduğunu bildirmiş və bu məsələnin də xüsusi diqqətdə saxlanılacağını söyləmişdir.
M.Pənahov Azərbaycanda demokratik seçkilərin keçirilməsi üçün böyük potensialın və hər cür şəraitin olduğunu nəzərə çatdırmış və qeyd etmişdir ki, seçkilərin şəffaf, demokratik və ədalətli keçirilməsi hamıdan çox bizə lazımdır. Dövlətimizin başçısının, ölkəmizin rəhbərliyinin də mövqeyi bundan ibarətdir.
Sonra Mərkəzi Seçki Komissiyasının katibi Vidadi Mahmudov “Seçki bülletenlərinin çap olunması, dairə və məntəqə seçki komissiyalarına çatdırılması”, MSK nəzdində “Seçkilər” İnformasiya Mərkəzinin direktoru İqbal Babayev “Seçici siyahılarının dəqiqləşdirilməsi və seçki gününə hazırlıq”, MSK-nın katibi Natiq Məmmədov “Səsvermənin təşkili, səsvermə qaydası, səslərin hesablanması və seçkilərin yekunlarının müəyyən edilməsi”, Komissiya Katibliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov “Treninqlərin keçirilməsinin yekunları” mövzularında məruzələrlə çıxış etmişlər.
Tədbirin sonunda müşavirə iştirakçılarının sualları cavablandırılmışdır.
Seminar-müşavirədə Seçki Sistemləri üzrə Beynəlxalq Fondun, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Seçki Müşahidə Missiyasının təmsilçiləri də iştirak etmişlər.