MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ NÖVBƏTİ İCLASI OLMUŞDUR
Əvvəlcə, Mərkəzi Seçki Komissiyasının 2005-ci il 6 sentyabr, 7 sentyabr, 10 sentyabr, 14 sentyabr, 22 sentyabr və 24 sentyabr tarixli iclaslarının protokolları təsdiq edilmişdir.
Sonra Azərbaycan Respublikasının işğal altında olan ərazilərində yaşayan erməni mənşəli Azərbaycan vətəndaşlarına müraciət qəbul edilmişdir.
İclasda bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsinə dair məsələyə də baxılmış və müvafiq qərarlar qəbul olunmuşdur.
MSK katibi Vidadi Mahmudov “Azərbaycan Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti və digər teleradio şirkətləri tərəfindən seçkiqabağı təşviqatın aparılmasına dair məsələ barədə məlumat vermişdir. Komissiya bu məsələ ilə bağlı bəyanat qəbul etmişdir.
Komissiyanın üzvü Arzuxan Əlizadə hərbi hissələrdə seçki məntəqələrinin yaradılması və seçki komissiyalarının təşkilinin vəziyyətinə dair məsələ haqqında məlumat vermişdir. Mərkəzi Seçki Komissiyasının sədri bu məsələ ilə bağlı bütün zəruri addımların atıldığını komissiya üzvlərinin diqqətinə çatdırmışdır.
İclasda MSK-ya daxil olmuş müraciətlər barədə də məlumatlar verilmiş və müvafiq qərarlar qəbul edilmişdir.
Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun ekspertləri, ABŞ səfirliyinin, ABŞ Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.