İDMAN
MƏŞHUR BOKSÇU MAYK TAYSON MÜFLİSLƏŞDİ
Sabiq çempionun vəkili Debra Qrassqrin demişdir ki, Tayson həmişə peşəkar idmanla məşğul olub, onun maliyyə işlərini isə başqaları aparıblar. İndi o, həmin problemləri müstəqil həll etmək istəyir.
Tayson rinqdə qazandığı 300 milyon dolların çoxunu bahalı evlər, yaraşıqlı avtomobillər, zinət əşyaları və dostlarına hədiyyələr almağa xərcləmişdir. O, dəbdəbəli həyat sürməyə adət etmiş və hətta bir dəfə özünə benqal pələngi də almışdır.
Lakin Tayson iddia edir ki, onun karyerası və döyüşlərinin təşkili ilə məşğul olan agenti Don Kinq onu, sadəcə, soymuşdur. Odur ki, sentyabrda məhkəmə Kinqdən 100 milyon dollar tələb edən sabiq çempionun iddiasına baxacaqdır.
Taysonun özü isə cari ilin iyununda Nyu-Yorkun Bruklin rayonundakı mehmanxanalardan birində dava saldığına görə hazırda məhkəməyə cəlb edilmişdir. Lakin o, özünü təqsirkar bilmir və deyir ki, ona basqın edənlərdən müdafiə olunmuşdur. Əgər məhkəmə Taysonu təqsirkar hesab etsə, o, bir il müddətinə həbs cəzası ala bilər.