MƏTBUATDA DİNLƏRARASI QARŞIDURMA YARADA BİLƏCƏK YAZILARIN DƏRC OLUNMASI YOLVERİLMƏZDİR
Bəyanatda deyilir: Həmin məqalədə iki səmavi dində müqəddəs sayılan həzrəti Məryəm və həzrəti İsa haqqında təhqiramiz ifadələr işlədilmişdir. Yazıda Qərb mətbuatında Məhəmməd peyğəmbərin karikaturalarının çap olunmasına münasibət bildirən müəllif, təkcə xristianlıqda deyil, həm də İslam dinində müqəddəs sayılan bu şəxsiyyətləri heç bir əsas olmadan təhqir etmiş, dinlərarası nifaq yarada biləcək fikirlər səsləndirmiş, xüsusilə xristian dininə qarşı kəskin ittihamlar irəli sürmüşdür. Bu fikirləri həm Azərbaycan qanunlarına, həm beynəlxalq konvensiyalara, həm də bizim əxlaq normalarımıza kobud təcavüz kimi qiymətləndirmək olar. Belə fikir sahibləri qanun qarşısında məsuliyyət daşıyırlar.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi fevralın 13-də qəzetlə bağlı hüquq mühafizə orqanlarına rəsmi müraciət etmiş, müvafiq araşdırmaların aparılmasını və müəllifin mövqeyinə hüquqi qiymət verilməsini xahiş etmişdir.
Dövlət Komitəsi hesab edir ki, yazıda gedən və İslam dininin əsasları ilə böyük ziddiyyət təşkil edən ifadələr onsuz da Şərqlə Qərb arasında yaranmaqda olan qarşıdurmanın daha da genişlənməsinə və Azərbaycanın beynəlxalq aləmdəki imicinə zərbə vurmağa xidmət edir. Bu cür məsuliyyətsiz ifadələrin İslamın adından söylənməsi İslam ardıcıllarının müdafiəsinə xidmət yox, İslama qarşı təxribat kimi qiymətləndirilməlidir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yazıda işlədilən təhqiramiz ifadələri, eləcə də bir sıra Qərb qəzetlərinin həzrəti Məhəmmədə karikaturalar dərc edənləri bir daha qətiyyətlə pisləyir, mətbuatda dinlərarası qarşıdurma yarada biləcək yazıların getməsinin yolverilməz olduğunu bildirir.