Metronun “Gənclik” və “Nəriman Nərimanov” stansiyalarının ətrafından doqquz velosiped oğurlanıb VİDEO
Bakı, 2 may, AZƏRTAC
Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində son bir ayda metronun “Gənclik” və “Nəriman Nərimanov” stansiyalarının ətrafında ayrı-ayrı vətəndaşlara məxsus ümumilikdə 9 velosiped oğurlayan, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Babək Abdullazadə tutulub.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Araşdırma zamanı müəyyənləşdirilib ki, Babək Abdullazadə üzərində gəzdirdiyi kəsici alətlə velosipedlərin bağlanma vasitələrini kəsərək onları ələ keçirib və pul müqabilində müxtəlif şəxslərə satıb. O, oğurluq nəticəsində əldə etdiyi maddi vəsaitləri isə şəxsi ehtiyaclarına ödəyib. B.Abdullazadədən maddi sübut qismində oğurladığı velosipedlərin bəzisi aşkarlanaraq götürülüb.
Onun oğurluq etməsi inzibati ərazidə quraşdırılan videomüşahidə kameraları vasitəsi ilə də qeydə alınıb. Faktlarla bağlı 16-cı polis bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Nərimanov Rayon Polis İdarəsinə göndərilib.
B.Abdullazadə barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə üç ay müddətində həbs qətimkan tədbiri seçilib. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, rayon polis idarəsinə, 16-cı polis şöbəsinə, 102 - Xidməti-Zəng Mərkəzinə və ya nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.